Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Qısa  tarixi  ekskursiya

Neftçala rayonunun ərazisi Azərbaycanın bir çox digər bölgələrindən fərqli olaraq qədim karvan yolları üstündə yerləşmədiyindən burada iri sənətkarlıq və ticarət mərkəzləri də demək olar ki olmamış, qədim dünyanın və orta əsrlərin mühüm tarixi hadisələri bu ərazidən əsasən yan keçmişdir. Üstəlik Xəzər dənizinin mütəmadi  qalxma və çəkilmələri, Kürün daşqınları və yatağının dəfələrlə dəyişməsi burada davamlı yaşayışın qismən əngəllənməsinə səbəb olmuşdur. Tarixçi, arxeoloq və numizmat alimlərin Neftçalada  xeyli az tədqiqatlar aparması yazılı və arxeoloji materialların Qarabağ, Gəncə, Şamaxı, Bakı, Quba, Qəbələ  və digər bölgələrə nisbətən az zəngin olması ilə bağlıdır. Bütün bunlara baxmayaraq əslən Neftçala rayonundan olan  tədqiqatçılar Azər Turan, Əlisəfa Məmmədov, İbrahim Nurlu, Anar Ağalarzadə, FirdovsiTağıyev, Məşədi Elşad, Babaxan Zahidov, Qüdsiyyə Qəmbərova, Ələkbər Zahidov, həmçinin, Nazim Tapdıqoğlu, Sevgül Hüseynova və başqaları öz araşdırmaları ilə Neftçala tarixinin öyrənilməsinə töhfələr vermişlər.

Qeyd etmək lazımdır ki, Neftçala ərazisində qədim yaşayış məskənlərindən birinin izlərinə  Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan  burnu arasında rast gəlinir. Burada şəhər xarabalığı vardır. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir yaşayış məskəni də mövcud olub. Bu yerlərdə sistemli və  davamlı araşdırmalar aparılmasa da   həm quruda, həm də dənizdə IX-XI əsrə aid  üzəri həndəsi və nəbati naxışlarla olan şirli və şirsiz gil qab parçaları tapılmışdır. Arxeoloji materiallar gil qabların hazırlanmasının təkcə Örənqala və Gəncədə deyil, Neftçala rayonuna da aid olduğundan xəbər verir. Həmin qalıqların bir hissəsi  Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.

Tədqiqatçı  Azər Turan "Darülmöminin" kitabında  XIV əsr müəllifi ibn Bəzzazın  "Səfvətüs Səfa" əsərinə əsaslanaraq, bu şəhərin vaxtilə  Şirvanşahlar dövlətinin paytaxtı  olduğunu  bildirir. Antik müəlliflərin məlumatına görə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılıb Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş. Ərəb coğrafiyaşünasları Əbu-İshaq İstəxri (950-1000 ci illər) "Dövlətlərin yolları kitabı"ndakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154-cü il) tərtib etdiyi xəritədə, 1375- ci ilə aid kataloniya xəritəsində və venesiyalı Fra Mauronun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. Tarixçilər burada içməli suyu olan, rəng almaq üçün boyaqotu istehsal edilən  böyük bir adanın olduğunu xəbər verirdilər. XIV əsrdən sonra bu sənədli izlər xeyli müddət itir. XVIII əsrin I yarısından etibarən Azərbaycana gəlmiş rus tarixçiləri, səyyahları, tədqiqatçıları F.Biberşteyn, S.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında xalq əfsanəsini təkrar edir.  Neftçalalı tarix elmləri namizədi, etnoqraf  Əlisəfa Məmmədov  1968-ci il iyun ayında bir qrup alimlə Bankə qəsəbəsindən 6-8 km aralı Nord Ost Qoltuq kəndi yaxınlığında şirli qırmızı rəngli gil qablar, anqoblanmış bədii-saxsı məmulatının irili-xırdalı qırıqlarına rast gəlmişdir. Bu gil keramika nümunələrinin  Örənqala, Qədim Gəncənin analoji  maddi mədəniyyət nümunələri ilə  eyniyyət təşkil etdiyi məlum olmuşdur. Tarix İnstitutunun və Tarix Muzeyinin elmi işçiləri bu tapıntıların IX-XIII əsrlər Azərbaycan saxsı məmulatının qalıqları olduğu qənaətinə gəlmişlər. Hazırda elmi araşdırmalardan kənarda qalmış "Xaraba şəhərin" yerinin ciddi tədqiq olunması Azərbaycanın  orta əsrlər tarixinin daha dərindən öyrənilməsinin kömək edə biləcək materiallar verəcəkdir.

XVIII əsr.  XVIII əsrdən başlayaraq Rusiyanın  Cənubi Qafqazda mövqelərinin tədricən güclənməsi fonunda  Aşağı Kürboyunun təbii sərvətlərinin və coğrafi mövqeyinin   öyrənilməsi məqsədilə ekspedisiyalar təşkil olunur. Əvvəlki əsrlərlə müqayisədə yer adları və yaşayış məntəqələrinin daha dəqiq koordinatlarını verən mənbələrin sayı çoxalır. Rus çarı I Pyotrun göstərişi ilə kapitan-leytenant Fon Verden və leytenant SoymonovXəzər sahillərində əlverişli təbii liman yeri axtararaq 1719-cu ildə Kürün mənsəbinə qədər gəlib çıxmışdılar. I  Pyotr Kürün mənsəbində Peterburq kimi bir liman və ticarət mərkəzinin əsasını qoymaq istəyirdi.  Şirvan xanlığı (1747-1820) dövründə Neftçala  rayonunun ərazisi Salyan mahalı tərkibində olub.

Neftçala kəndləri XIX əsrin II yarısında.  Tədqiqatçı-tarixçi Firdovsi Tağıyev “Aşağı Surra kəndi” kitabında (Mütərcim-2017)  XIX əsr rus mənbələrinə istinad edərək Neftçalanın tarixinə aid mühüm faktları qeydə almışdır. Məlum olur ki, 1796-cı ildə qraf Valerian Zubovun tapşırığı ilə Şirvanın topoqrafik xəritəsini tərtib etmiş İvan Drenyakin Kürün iki qolu arasındakı əsas hissəsində Qaramanlı, Qəzvinli, indiki Neftçala rayonuna aid olan sol sahildə 600 evdən ibarət 3 kəndin olduğunu  göstərmişdi.  1870-ci ildə Tiflisdə nəşr olunmuş “Cписки населенных мест Российской империи, 1859-1864 гг. Бакинская губерния, Тифлис, 1870” məcmuəsində indiki Neftçala kəndləri haqqında verilmiş qeydlərə cədvəl şəklində nəzər yetirək: 1859-cu ildə         

N

Kənd adları

Evlərin sayı

Kişi

Qadın

Cəmi

1

Aşağı Surra

68

295

193

488

2

Qədimkənd

43

227

178

405

3

Qaraimanlı

44

162

139

301

4

Xıllı

39

261

254

515

5

Bayat

41

233

200

433

6

Qaravəlli

27

202

172

374

7

Beştalı

18

114

79

193

8

Xoşçobanlı

69

316

211

527

9

Şm.Şərqi Bankə

1

12

7

19

10

Bojiy Promısel

-

193

53

246

11

Tatarməhlə

12

63

60

123

12

Qaçaqkənd

23

121

82

203

Digər bir mənbədə (Зейдлиц Н. Свод статистических данных о населении Закавказского края…1886 г.Тифлис 1893) 1886-cı ilə aid verilmiş məlumatlar maraq doğurur: 1886-cı il                                

Kənd adları

Ev

kişi

Qadın

Cəmi

Aşağı Surra

54

240

191

431

Qədimkənd

66

295

313

608

Qaraimanlı

44

206

181

387

Boyat

44

204

220

424

Beşdəli

33

161

145

306

Qaçaqkənd

116

647

579

1226

Pirəbbə

38

157

134

291

Tatarməhlə

51

270

243

513

Xıllı

92

459

415

874

Xoşçobanlı

83

396

392

788

Oryad

49

284

283

567

 

Müqayisə üçün 1911-ci ildə A.N. Terentyevin redaktəsi ilə Bakıda nəşr olunmuş Сборник сведений по Бакинской губернии (выпуск-1) məcmuəsində verilmiş bəzi məlumatlara da diqqət yetirmək olar:1911-ci il                     

Kənd adları

Evlər

Kişi

Qadın

Bağ sahəsi

Bəy evləri

Ruhani evləri

Rus dili bilən

Ərəb-farsca bilən

Aşağı Surra

200

428

372

24 desyatin

28

2

1

6

Pirəbbə

35

345

292

12 desyatin

2

2

 

3

Tatarməhlə

84

452

397

20 desyatin

 

 

7

10

Xıllı

237

732

694

79desyatin

 

1

6

10

Boyat

99

470

380

 

 

1

2

 

Oryad

125

510

482

 

 

1

3

1

Beşdəli

33

160

142

 

 

 

 

 

Abasallı

17

49

36

 

 

1

 

 

Qaravəlli-Qəzvinli-1

214

738

702

 

2

1

1

8

Uzunbabalı

40

62

58

 

1

3

2

3

Haxverdili

11

89

83

 

 

 

1

 

Bir məqama müqayisəli yanaşdıqda  görmək olar ki, 1-ci cədvələ əsasən Aşağı Surrada 1859-cu ildə 68 evdə 488 nəfər sakin yaşamışdır.Təxminən 25 il sonra (1886-cı ildə) bu rəqəmin artmaq əvəzinə  54 ev və 431 sakinə qədər azalması diqqəti çəkir.. Bunun əsas səbəbləri tibbi xidmətin olmaması şəraitində çiçək və qızdırma xəstəliklərinin həmin vaxt epidemiya şəklini alması, oğulların evləndikdən sonra ata evini tərk etməməsi (o dövrdə vergilər hər evbaşına hesablanırdı və yeni tikilən evlərə görə kənd icmasının vergi yükü də artırdı), nəhayət bir neçə ailənin (nəslin) Kürün sol sahilinə köçərək Bala Surra kəndini bina etmələri ilə bağlı idi. Bala Surraya Ərəbbəbirxanlı və digər kəndlərdən də köçmələr olmuşdu. 3-cü cədvəldə  digər kəndlərdə  bəylərin heç olmaması və bir neçəsində cəmi 1 və ya 2 bəyin olması göstərilsə də  Aşağı Surrada 28 evin bəylərə aid olması  maraq doğurur.  Qeyd eək ki, bunların əksəriyyəti Surranın məşhur “Quru bəyləri” idi.

XIX əsr rus mənbələri içərisində  Nikolay Kalaşyevin 1884-cü ildə yazdığı “Местечко Саляны Джеватского уезда» əsərində tarixi mənbələr içində ilk dəfə Neftçala adı çəkilir. Kalaşyev yazır ki, Şimal-şərqi Bankənin sağ sahilində Qobu çala və Neft çala adlı istismar olunmayan duz gölləri var.Təpəli, Battaqlı, Oxçu, Çanaq adlanan digər düz gölləri də daxil olmaqla hər il avqustun 15-dən 20-dək əhali balta və bel götürüb bu göllərdən icarəçi üçün düz tədarük edir, icarəçi isə bu duzu yerindəcə 1 pudu 10 qəpiyə sata bilirdi.  Satılan duz əsasən vətəgələrə, Nuxa, Göyçay və Zərdaba aparılırdı. Kalşyev yazır ki, Kürün sağ sahilində Neftçala yaxınlığında dərinliyi 15-16 sajen (1 sajen-2m.16 sm) olan 5 quyu neft verir. Bu quyular 1873-cü ildən 24 illiyə Geoprgi xan Arutyunova və Mixail Benkendorfa icarəyə verilib.  Hər quyu sutkada 20 pud ( 1 pud -16,4 kq) tünd yaşıl neft verirdi. Nefti quyudan dəri kisələrdə əllə dartıb çıxarırdılar. Su ilə qarışıq olduğu üçün bir müddət iri çənlərdə saxlayırdılar, neftdən ağır olan su çökürdü və alt hissədəki kranın açılması ilə ətrafa axıdılırdı.   

1910-1911-ci illərdə Xıllı, Boyat, Qaravəlli,1915-1919-cu illərdə Beşdəli və Yaxşıkənd, 1914-1919-cu illərdə Əli Oba, Xocalı, Haxverdilidəki neft quyuları eston vətəndaşı İvan İvanoviç Neyqardın mülkiyyətində idi.                 

Məşhur “Bojiy Promısel”. Neftçalanın   Tatarməhlə kəndinin təxminən 1 km. məsafəsində yerləşən “Bojiy Promısel” (Allah mədəni) vətəgəsi haqqında Rus alim və səyyahlarından  Qleb Uspenski,  İlya Berezin və digərləri maraqlı məlumatlar  vermişdilər. İlya Berezin 1842-ci ildə Kazan Universitetinin professoru Mirzə Kazımbəyin təşəbbüsü ilə Tatarməhləyə gəlmiş, öz gördüklərini qələmə almış və bu qeydləri 1850-ci ildə “Путешествие по Дагестану и Закавказью”  adı ilə ayrıca kitab şəklində nəşr etdirmişdi. Kitabın 3-cü hissəsi indiki Neftçala rayonunun   Tatarməhlə kəndinə yaxın ərazidə salınmış məşhur balıqçılıq vətəgəsinin geniş təsvirindən ibarətdir. Berezin  sentyabrın ortalarında Salyandan Kürü bərə ilə sol sahilə keçib düz və alçaq sahil boyunca atlarla “Bojiy Promısel” (Allah mədəni) adlanan məşhur vətəgəyə yola düşür. Yolboyu heç bir ağac və bitkiyə rast gəlmir. Vətəgəyə yaxınlaşdıqda yerli müsəlmanların “Sibir” adlandırdıqları nəhəng qamışlıqlar səyyahı təəccübləndirir. Bu “Sibir”də çəltik və buğda zəmilərinin qənimi olan və müsəlmanlar üçün lənətlənmiş qorxulu qabanlar gözə dəyirdi. Berezinin Salyan sakini olan bələdçisi yolda ona təpəliklər göstərib bu yerin qədim Quştasfi şəhəri olduğunu deyir. Səyyah yazır ki, məndən əvvəl burada olmuş Eyxvaldın da burada şəhər olmasını deməsinə baxmayaraq mən bu tikinti qalıqları və dərəliklərdə qədimlikdən bir əlamət görmədim. Salyandan atlarla iki saat yol getdikdən sonra Tatarməhləyə çatan alimi Salyan balıq vətəgələri üzrə rəis podpolkovnik Qeriç qarşılayır, vətəgəni gəzdirir, məlumatlar verir.  Berezin yazır ki, Qubalı Fətəli xanın vaxtında vergi verən istənilən adam balıqçılıqla məşğul ola bilərdi. Ovlanmış hər osetrin və beluqa üçün bu vergi 5 qəpik, sevryuqa üçün 2 qəpik, hər üç şahmayıdan 5 qəpik, Losos üçün isə 25 qəpik hesablanırdı.  Rus hökuməti   Salyan balıq vətəgələrini hind taciri Sobra Moqundasova illik 57 min gümüş pula icarəyə verməsinə baxmayaraq,  Berezinin fikrincə Moqundasov zərərə düşməmişdi, əksinə, xərc qoyub Tatarməhlə yaxınlığında böyük bir balıqçılıq mədəni yaratmışdı. Lakin 1826-cı ildə Rus-Qacar müharibəsinin başlanması ilə Moqundasov iflasa uğradı, vətəgə Qacarlar dövlətindən gəlmiş silahlı dəstə tərəfindən talan edilərək yandırılmışdı.

Müharibədən sonra 1829-cu il martın 10-da Salyan balıq vətəgələri dövlətin himayəsinə keçdi. 

“Bojiy promısel” Salyan balıq vətəgələri içərisində əsas hesab olunduğu   üçün “Salyan Xəzinə Qəyyumluğu” idarəsi , bütün vətəgələr üçün zəruri  olan illik balıq ovu materialları və ərzaq ehtiyatları mağazaları burada yerləşirdi.  Berezin yazır ki, “Bojiy Promlsel”  hər iki tərəfində sənayeçilərin və işçilərin 40-a yaxın evi olan bir enli küçədən ibarət təmiz və səliqəli bir kəndi xatırladır. Bütün tikililər plan üzrə düz xətt boyunca salınıb və bağça ilə əhatələnib. Zastava isə ayrıca qoyulmuş budkada yerləşir. Güclü yağışlar yumşaq torpağı palçığa çevirdiyi üçün hər evin qarşısında kərpic  səkilər düzəldilib. Kəndin ortasındakı böyük meydançada tikilmiş kilsədə bayramlarda mərasimlər  təşkil olunurdu. Səhər işin başlanmasını,  axşam qurtarmasını  hər gün çalınan kilsə zəngi nizamlayır. Kilsənin əks tərəfində, Kür sahilində ağac materialından tikilmiş ikimərtəbəli işıqlı evin birinci mərtəbəsində kiçik qəyyum, ikinci mərtəbədə isə podpolkovnik Qeriç məskunlaşıb.  Yaxınlıqda  idarə binasında  əksəriyyəti  Həştərxan tacir və meşşanlarından ibarət olan 16 nəfər mirzə hesabat-uçot işlərini aparır.  Otaqlarda çar I Nikolay və taxt-tac vəliəhdinin Tiflis rəssamları tərəfindən işlənmiş portretləri  asılıb. İdarə binasının yanında birində duz, digərində duzlanmış balıq və kürü satılan mağazalar fəaliyyət göstərir. Mağazaların arasında yapışqan anbarı var.  Mağazalarla üzbəüz  gətirilən balıq və onun təmizlənməsi üçün xüsusi yer düzəldilib. Burada ov alətlərinin qırlanması üçün iri qazanlar qurulub. Meydançanın digər tərəfində  bağ salınıb. Keçmiş qəyyum Matyaşevski bu bağda istixana,  həmçinin, keqli, bilyard oyunları üçün yer də ayırmışdı.  Teatr tamaşaları da oynanılırdı.  10 pərdədən ibarət olan  tamaşasının artistləri və musiqiçiləri idarədə yazı-pozu işləri görən mirzələr və onların qadınları idi. Yeni təyin olunmuş qəyyum  Qeriç  bu yerin əvvəlki təmtərağını bərpa etmək niyyətində idi.  Bağa yaxın yerdə buralar  üçün nadir olan rus hamamı fəaliyyət göstərirdi. 

Bu enli küçənin digər tərəfində dava-dərmanları Tiflisdən gətirilən  aptek açılmışdı. Aptekin sağında kişilər, solunda qadınlar üçün xəstəxana fəaliyyət göstərirdi. Berezin yazır ki, mən “Bojiy promısel”də olanda bu xəstəxanada 60 nəfər xəstə müalicə olunurdu.  Onlardan 18 nəfəri  vətəgə işçiləri,  qalanları kənar şəxslər idi. Hətta burada bəzi yerli müsəlmanlar da xəstələnəndə müalicə alırdılar. Fəhlələr daha çox payızda güclü yağışlar düşəndə nəmişlikdən,  isti paltar olmaması səbəbindən xəstələnirdilər. Əhali  əsasən  qızdırma və yüksək hərarətdən  əziyyət çəkir. Ümumilikdə buranın iqlimi heç də zərərli deyil.  

“Bojiy promısel”lə üzbəüz Kürün sağ sahilində  ağrı və yel xəstəliklərinin müalicəsində faydalı olan duzlu palçiqlar var.

“Bojiy promısel”də balıq ovu 50 qayıqda kustar üsulla düzəldilmiş ov alətləri ilə aparılırdı. Burada Kürün eni 50 sajen (1 sajen-2m.16 sm), dərinliyi isə iki sajenə qədər  idi. Hər il vətəgədə Kürün bir sahilindən o biri sahilinə qədər suya uzunu 7-8 sajen olan ağac dirəklər basdırılır. Bu dirəklər uzun tirlərlə birləşdirilərək bərkidilir, aralıq hissələr isə ağac budaqları ilə tor kimi toxunur. Bu qurğu balıqların çaya daxil olduqca yuxarı qalxmasının qarşısını almaq, bununla da ovun kəmiyyətini çoxaltmaq məqsədilə edilirdi.  Yaz və payız aylarında gecə vaxtı  bolluca balıq ovlanırdı. Kürün dənizə axdığı yerdəki  kiçik vətəgə də “Bojiy Promısel”ə aiddir. Vətəgədə balıq tutulmur, anbarlar tikilib, payızda Həştərxandan gəmilərlə gətirilmiş materiallar anbarlara boşaldılır, yazda isə  Həştərxana göndərmək üçün buradan gəmilərə balıqlar yüklənir. Berezinin qeydlərində balıq ovlanması, balıq və kürü emalı prosesi, həmçinin işçilər barədə müfəssəl məlumatlar verilir. 

Neftçalada rus kəndləri. 1830-cu ildən başlayaraq Azərbaycana Rus təriqətçi və bidətçi kəndlilərinin köçürülməsinə başlanıb.  Qafqazdakı Rus Komandanı general Qolitsın 1899-cu ildən etibarən Rusiya  və Ukrayna ərazilərindən molokan adlandırılan  təriqətçilərin Cavad qəzası ərazisinə köçürülməsini təşkil edir. Molokanlar insanı Allah ikonası hesab edir,xristian müqəddəslərini qəbul etmir, donuz əti yemir, spirtli içki içmir, siqaret çəkmirdilər.Müharibəni, hərbi xidməti Allahın qanunlarəına zidd hesab edirdilər.İlahi qaydalara zidd olmayan hökumət qanunlarını qəbul edirdilər. Molokan sözünün mənası:1.Onlar öz təlimlərini “moloko duxovnım” adlandırırdılar və bunu Apostol Pyotrun  1-ci çağırışındakı yeni doğulmuş uşaq kimi “təmiz südü sevin”fikri ilə əlaqələndirirdilər. Molokanlar eyni zamanda pravoslav kilsəsinin qadağan etməsinə baxmayaraq həftənin 3 və 5-ci günləri və 1 aylıq post günlərində süd içirdilər.                                                                           Rus molokanlar 1990-cı illərə qədər Neftçala şəhərində , Bankədə və Qoltuqda, Kürdili adasında  kompakt şəkildə yaşayırdılar.  Hələ XX əsrin əvvəllərində  indiki Neftçala rayonu ərazisində köçkün ruslar üçün Prorva (İndiki Dalğalı),Novaya İvanovka (İndiki Qazaxbərəsi), Krasnıy Stan (İndiki Qırmızı Şəfəq), Krasnoye selo (İndiki Qırmızıkənd), Novovasilyevka (İndiki Kürkənd), Saratovka (İndiki Sahiloba), Jarskiy (İndiki Şirvanlı) kəndləri salınmışdı  və rus əhali SSRİ dövlətinin dağılmasına qədər (1991) bu kəndlərin sakinləri idi.                    

Züd Ost- Qoltuqda balıqçılıqla məşğul olan rus kəndliləri üçün  1890-cı ildə Kilsə tikilib istifadəyə verilmşdi.

Kür Müqəddəs Nikolayev kilsəsi isə 1891-ci ildə tikilmişdi. (Юницкий А. История церквей и приходов Бакинской губернии (1815-1905 гг.). Баку: Бакинское братство законоучителей, 1906, с.193).

1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır. Bu dövrdə isə Neftçala rayonu bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olan Salyanın bir parçası olur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Cavad qəzası 5 pristavlıqdan ibarət olur. Qəzanın rəisi Məhəmməd bəy Süleymanbəyov qəzanı Salyan (şəhər pristavı Hacıyev, köməkçi Xəlil Məmmədov), Xıllı-Boji Promısel (rus. Божий Промысел) kəndi (pristav Haqverdiyev, köməkçi Həsənov) Cavad, Muğan və Biləsuvar sahə pristavlıqlarının vasitəsi ilə idarə edirdi.

 1918-ci il soyqırımı. Tədqiqatçı Azər Turan  “Qafqaz İslam Ordusu Neftçalada”, “Darülmöminin” kitablarında 1918-ci il hadisələrini müfəssəl araşdırmışdır. 1918-ci il aprel ayının 21-də isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Məşədi Əzizbəyovun rəhbərliyi Bakıdan Salyana 240 nəfərlik hərbi dəstə, az sonra, aprelin 23-də isə bura Korqanovun göstərişi ilə Lənkərandan 200 nəfər döyüşçü və bir hərb gəmisi olmaqla başqa bir heyət göndərildi. Rəşid Axundovun təşkilatçılığı ilə Salyanda Qızıl Qvardiya yaradıldı. 1918-ci il 12 mayında Cavad qəzasının Xıllı kəndində Bakı Fəhlə, Qızıl Əsgər və matros deputatları Soveti İcraiyyə Komitəsinin komissarı Rəşid Cabbarovun sədrliyi ilə kəndli deputatların qurultayı keçirilmişdi. Rəşid Cabbarovun sədrlik etdiyi həmin qurultaya Nəcəfqulu Ağayevlə Ağəli Əliyev katib seçilmişdilər. "İzvestiya Bakinskoqo Soveta" 13 iyun 1918-ci il tarixli sayında bu barədə ətraflı məlumat vardır. Hələ iyun ayında da erməni-rus hərbi birləşmələri bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisi ilə yeridilmişdi. Hələ üstəlik yerli yad və bədməzhəb əhali arasında əlavə səfərbərlik həyata keçirilmiş, bu hesaba da əsgəri qüvvənin sayı 6000 nəfərə çatdırılmışdı. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər iranlıdan (tarixi mənbələrdə onlar iranlı, xalqın yaddaşında şahsevənlər, türk mənbələrində isə əcəmlər olaraq bildirilir), 1500 nəfər ermənidən, qalan 4000 nəfər isə yerli ruslardan (ruslar, əsasən malokanlardır-XIX əsrin sonu, XX əsrin əvvəllərində Neftçalada çar ordusunun böyük bir korpusu yerləşdirilmişdi) və yerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə daşnak-bolşeviklər strateji mənafelərdən çıxış edirdilər. Bir tərəfdən Yevlax körpüsünün məhv edilməsi, bununla da Gəncə ilə Bakının arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik qvardiyasını çörəklə təmin etmək, Bakı komissarları Sovetinin-Şaumyanın, qeyd etdiyimiz kimi, hərbi-strateji məqsədi bu idi. İlk döyüşlər Salyan ətrafında – Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kürboyu Salyana qədər sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi bizi xeyli sarsıdacaqdır. Kür çayına daxil planı erməni hərbi birləşmələri Bankə – Seyidlər – Uzunbabalı – Tatarməhlə – Xıllı – Abasallı – Qaralı–Qəzvinli – Qarabucaq – Aşağı Surra – Ərəbbəbirxanlı – Cəngən – Qaraqaşlıya qədər hərəkət etmişdilər. Silahlı erməninin silahsız azərbaycanlı ilə təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27-28 iyununda isə Aşağı Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə türk-azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Həm də ki, bu dövüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Aşağı Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi[. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki vermişdi.
 Neftçala rayonunun təşkil olunması. Neftçala rayonu Azərbaycan SSR-də inzibati rayon kimi 1940-cı il fevralın 11-də təşkil olunmuşdur. 1947-ci ilədək rəsmi sənədlərdə "Yeni Qəsəbə” adlandırılır.Əhalisi onu  Trest kimi tanıyırdı.Bu ifadə “Ələtneft”in tikinti quraşdırma kontorunun “Neftçalaneft”in tərkibinə daxil olması və yaranmış trestin Neftçalanın tikintisini aparması ilə əlaqədar idi ."Neftçala"sözü isə 26 Bakı komissarı adına qəsəbənin yerində vaxtilə qazıq- qzıq edilmiş və neft sızıb qalmış çalaların adından götürülmüşdür.Bura Nöyütxana və bəzən də Azneft kimi adlandırılan həmin qəsəbəyə 26 Bakı komisarı adı veriləndən sonra Trest qəsəbəsi 1947 ci ildən sonra rəsmi Neftçala adlandırıldı.  Cəmi bir il isə 24 yanvar 1939-cu ildə yaranan  Xıllı rayonunun tərkibində, o vaxta kimi isə Salyan rayonunun tərkibində olmuşdur. Neftçala rayonu 1940-cı ildə sırf sənaye rayonu kimi təşkil olunmuş, kənd inzibati əraziləri isə Xıllı rayonuna tabe edilmişdi. Xıllı rayonu 1959-cu il sentyabrın 24-də ləğv edilərək Neftçala rayonunun ərazisinə qatılmışdır. 1959-cu ilin dekabrında  isə Neftçala rayonu da ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmişdir.Rayonun tərəqqisi əvvəl 50-ci,daha sonra 70-80-cı illərə təsadüf edir. 1963-cü ildə Salyan rayonundan ayrılaraq Neftçala sənaye zonası təşkil edilmiş, lakin belə qarışıq idarəetmə sistemi özünü doğrultmadığından 1965-ci ildə ləğv edilərək yenidən Salyan rayonunun tərkibinə daxil edilmişdir.  7 ildən sonra  1973-cü il aprel ayında Heydər Əlirza oğlu Əliyevin təşəbbüsü ilə Neftçalanın rayon statusu özünə qaytarıldı.          

Heydər Əliyev 1979-cu il 30 may tarixində Neftçala rayonuna səfər etmiş, rayon əhalisi ilə görüşmüş, görülən işlərlə maraqlanmış, çətinliklərin həlli yolunda böyük işlər görmüşdür. Bu görüş Neftçala sakinlərinin əziz bir xatirəsinə çevrilmişdir.

Neftçala müstəqillik dövründə.Neftçala rayonu həmçinin daimi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də diqqət mərkəzində olmuşdur. 2007-ci il 23 avqust, 2014-cü il 28 may, 2017-ci il 24 sentyabr tarixlərində Neftçala rayonunda səfərdə olmuş Cənab Prezident İlham Əliyev rayonda əhəmiyyətli obyektlərin açılışında şəxsən iştirak etmiş, rayonun problemləri ilə yaxından maraqlanmış, həmin problemlərin aradan qaldırılması üçün əhəmiyyətli işlər görülmüşdür və bu iş davam etdirilməkdədir.

Neftçala rayonunun əhalisi də bu qayğıları hər zaman yüksək qiymətləndirir. Rayon ictimaiyyəti həm Azərbaycan SSR dövründə, eyni zamanda müstəqilliyimiz əldə olunandan bu günə qədər dövlətimizin ictimai, siyasi,  iqtisadi həyatında yaxından iştirak etmişdir. 7 nəfər neftçalalı əməkdə ən yüksək dərəcəyə çatmış və Sosialist Əməyi Qəhrəmanı adını almışdır. Bunlar Nuruş Əliyev, Ayna və Cənnət Quliyeva bacıları, Salman Nağıyev, Əbdülhəmid Hüseynov, Səttar və Əliağa Əmrahov qardaşlarıdır. 1941-1945-ci illəri əhatə edən müharibədə 3 neftçalalı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bunlar Əlif Priyev, Ağaşirin Cəfərov və İvan Ostapenkodur.

Neftçala rayonunun əhalisi tarix boyu haqq savaşında, azadlıq mübarizəsində yaxından iştirak etmişdir. 1918-ci il soyqırımı, 1937-ci il repressiyası da Neftçaladan yan keçməmişdir.

1990-cı il Yanvar qırğınlarını yaşayan Neftçala 3 şəhid vermişdir: Şəmsəddin Orucov, Əbülfəz Cəfərov, Nurəddin Ağahüseynov.

Birinci Qarabağ savaşında da Neftçala əhalisi əzmkarlıqla döyülmüşdür. Bu müharibədə qəhrəmanlıqla şəhid olan Zakir Məcidov Milli Qəhrəman adına layiq görülmüşdür. Azərbaycan dövlətçilik ənənələrinin qorunması zamanı 1995-ci il mart qiyamında qəhrəmanlıqla həlak olan Xanoğlan Məmmədov da  Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəman adına layiq görülmüşdür.

2016-cı il Aprel döyüşlərində iştirak edən qəhrəman hərbiçilərindən mayor Samid İmanov və kiçik gizir Elimdar Səfərov şəhidlik zirvəsinə yüksəlmişlər. Mayor Samid İmanova Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

44 günlük Vətən Müharibəsi günlərində Neftçalada rayon rəhbərliyindən tutmuş ən sadə sakinlərə qədər hamı vətənə layiqli xidmət üçün çalışdı. Orduda xidmət edən neftçalalı hərbçilərdən başqa hərbi vəzifəli şəxslər qismən səfərbərliklə torpaqlarımızın işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində iştirak etmək üçün ordu sıralarına yollandı.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlanan Vətən Müharibəsində Neftçala rayonu ərazisindən 43 nəfər hərbi qulluqçu böyük qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksəlmişlər. Onlardan bir nəfər Xüsusi Təyinatlı Qüvvələrin baş giziri İsmayılov Camal Vidadi oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Vətən Müharibəsində Neftçala rayonunundan 177 hərbi qulluqçu ağır, orta ağır və qismən yaralanaraq sağlamlıqlarını itirmişdir. Yaralanmış iştirakçılardan 28 nəfəri hərbi qulluqçuya əlillik dərəcəsi müəyyən edilmişdir. Bunlardan 21 nəfərinə III qrup, 7 nəfərinə isə II qrup əlillik dərəcəsi təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının və Milli Qəhrəmanların  adlarını əbədiləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı müvafiq qərara əsasən Neftçala şəhər Uşaq İncəsənət məktəbinə Vətən Müharibəsi Qəhrəmanı Camal Vidadi oğlu İsmayılovun adı verilmişdir. Həmçinin Neftçala rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və ölümündən sonra müxtəlif orden və medallarla təltif edilmiş 14 hərbi qulluqçunun adı əbədiləşdirmək məqsədilə Neftçala rayonu ərazisində mövcud olan adsız küçələrə onların adları verilmişdir.

 

Keçidlər