Rayon haqqında
Mədəniyyət
Neftçala rayonunun mədəniyyət müəssisələri
Neftçala rayonunun mədəniyyət müəssisələrinə 01 noyabr 2016-cı il tarixədək Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi rəhbərlik etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2014-cü il tarixli, 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli, 1932 nömrəli sərəncam imzalamışdır. Sərəncama əsasən 01 noyabr 2016-cı il tarixdə Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi ləğv olunmuşdur. Həmin tarixdən 01 yanvar 2017-ci il tarixədək Neftçala rayonunun mədəniyyət müəssisələrinə ləğvetmə komissiyası rəhbərlik etmişdir. 01 yanvar 2017-ci il tarixdən Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi fəaliyyətə başlamışdır. Hazırda Neftçala rayonunun mədəniyyət müəssisələri həmin idarənin tabeçiliyində fəaliyyət göstərirlər.
Neftçala rayonunda Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində aşağıdakı mədəniyyət müəssisələri fəaliyyət göstərir.
Neftçala rayon Heydər Əliyev Mərkəzi
Respublikamızın bütün bölğələrində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması, həyatı və fəaliyyəti ilə bağlı materialları toplayan, qoruyan, elmi cəhətdən öyrənilməsini təşkil edən, habelə hərtərəfli inkişaf etdirilməsini təmin edən mədəniyyət, elmi-tədqiqat qurumu olan dövlət müəssisəsidir.
2006-cı ilin oktyabr ayında tikintisinə başlanmış Neftçala rayon Heydər Əliyev Muzeyi 2007-ci ilin fevralında istifadəyə verilmişdir. Ancaq rəsmi açılışı 23 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Muzey bir ekspozisiya zalından, 14 fotostenddən, 10 vitrindən ibarət olmuşdur. Heydər Əliyevin 1979-cu il mayın 30-da ilk dəfə Neftçalaya gəlişini və burada keçirdiyi görüşləri əks etdirən materiallar iki xüsusi ekspozisiyada nümayiş etdirilirdi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2012-ci il 8 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev Mərkəzlərinin Əsasnaməsinə görə muzey statusu ləğv edilərək,Mərkəz statusu ilə əvəz edilmişdir.
Neftçala rayon Heydər Əliyev Mərkəzinin yeni binasının açılışı 2014-cü ilin may ayının 28-də ölkə başçısı cənab İlham Əliyevin rayonumuza səfəri zamanı reallaşmışdır.
Neftçala Rayon Heydər Əliyev Mərkəzinin ümumi torpaq sahəsi 4 ha., binanın sahəsi isə 7500 kv. m. təşkil edir. Mərkəzdə yerləşən ekspozisiya zalının sahəsi 282 kv. m., fond saxlama sahəsi isə 132 kv. m.-dir. I mərtəbədə ekspozisiya zalı, kafe, kinozal və 8 otaq, II mərtəbədə isə akt zalı, konfrans zalı və 6 otaq yerləşir.Ulu Öndərin həyat və fəaliyyətini özündə əks etdirən ekspozisiya zalı 7 fotostent, 4 kitab vitrindən ibarətdir. Mərkəzin fondunda 911 ədəd eksponat vardır ki, bunlardan 686 ədəd eksponat əsəs fonda, 225 ədədi isə elmi köməkçi fonda daxildir.
Heydər Əliyev Mərkəzinin ən başlıca vəzifəsi Ulu Öndərin həyat və fəaliyyətinin araşdırılmasından, onun təbliğatından ibarətdir. Belə ki, mərkəzə gələn hər bir kəs üçün ( istər fərdi, istərsə də qrup şəklində olsun) ekskursiya təşkil olunur, mümkün qədər ətraflı məlumat verilir. Gələn qonaqlar, aparılan ekskursiyalar gündəliyə qeyd olunur.
Həmçinin, mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyətinə aid yeni materiallar toplanır və təbliğ edilir. Mərkəzdəki eksponatların varlığı maddi-məsul mühafizə aktları ilə tutuşdurulub yoxlanılır. Mərkəz sənədlərinin varlığı və mühafizə vəziyyəti yoxlanılır. Mərkəzə daxil olan əşyalar qeydiyyat və inventar nömrəsi ilə təmin edilir və təlimata uyğun şəkildə yerləşdirilir.
Heydər Əliyev Mərkəzinə tamaşaçı cəlb etmək məqsədi ilə bir sıra idarə, təşkilat və müəssisələrlə müqavilələr bağlanılır, mərkəz xidmətinin keyfiyyətli təşkil edilməsinə nəzarət edilir.
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi
Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi mərkəz kimi 01.07.2015-ci ildən fəaliyyətə başlamışdır. Belə ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli 217 nömrəli əmrinə, nazirliyin 27.12.2012-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş Şəhər (rayon) Mədəniyyət Mərkəzlərinin Nümunəvi əsasnaməsinə uyğun olaraq Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət və İncəsənət sarayının strukturu və bazası hesabına Mədəniyyət Mərkəzi yaradılmışdır.
X.Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzi və eləcə də mərkəzin filialları qismində fəaliyyət göstərən bütün 23 klub müəssisəsi fəaliyyətinin stimullaşdırılması və inkişaf etdirilməsi məqsədi ilə klub müəssisələri üçün iş planları, məlumat kitabları, MM-in və filialların yaradılmalarının qeydiyyatı kitabları işlənmiş və yaradılmaların istiqamətləri, üzvlərinin sayı, proqramlarının hazırlanması işi aparılmışdır.
23 klub müəssisəsindən 5-i Folklor evi, 2-i Diyarşünaslıq evi, 1-i Sənətkarlıq klubu kimi fəaliyyət profilləşmişdir. Profilləşən klub müəssisələrində xalqımızın qeyri-maddi mədəni irsi təbliğ edilir, profilləşməyən klub müəssisələri də öz işini bu istiqamətdə qurmağa çalışırlar.
Klub müəssisələrindən 9-u şəhər, 15-i kənddə yerləşir. Hazırda Neftçala rayon Mədəniyyət Mərkəzində və onun filiallarında ümumilikdə 118 işçi çalışır ki, bunlardan 82 nəfəri mədəniyyət işçisidir. Bunlardan da 12 nəfər ali təhsilli, 27 nəfər orta ixtisas, 43 nəfəri isə orta təhsillidir.
Əsasən xalq yaradıcılığı, folklor nümunələrinin toplanılması, itmək üzrə olan sənətkarlıq sahələri, dekorativ tətbiqi sənət nümunələri, qədim yaşayış yerlərinin öyrənilməsi və təbliği, adət-ənənə, mərasim və əsrlərdən gələn xalq adət və ənənələrinin təbliği, bərpası və inkişaf etdirilməsi və gələcək nəsilə ötürülməsi xalqın asudə vaxtının səmərəli təşkili bu gün klub müəssisələri qarşısında duran ən vacib məsələlərdəndir. Məhz ona görə də tərtib olunan iş planlarında göstərilmiş tədbirlərin böyük əksəriyyəti qeyri-maddi mədəni irsimizin qorunmasına, təbliğinə və bərpasına xalqın iştirakına yönəldilmişdir. İtməkdə olan sənət sahələri ilə məşğul olan ustaların gənc nəslə tanıdılması və bu sənətkarlıq sahələrinin təbliğ edilməsi Mədəniyyət Mərkəzinin qarşısına qoyduğu ən vacib məsələlərdən biridir.
Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS)
Neftçala rayon ərazisində kütləvi kitabxanalar hələ ötən əsrin ortalarından fəaliyyətə başlamışdır. 1919-cu ildə Xıllı qəsəbə sakini Qulu Quliyevin təşəbbüsü ilə yaradılan ilk kitabxananın əvvəllər 300 cild kitab fondu var idı. Bu kasadlığa baxmayaraq, ətrafda böyük nüfuz qazanmışdı. 1921-ci il kitabxana tarixi üçün unudulmazdır. Yazıçı və siyasi xadim N.Nərimanov Bankə qəsəbəsinə gələrkən Xıllıya, bu kitabxanaya da gəlir. Fəallarla söhbətdən sonra ədəbiyyatlarla maraqlanır, dəyərli göstərişlər verir. Bu görüşdən xeyli keçir. Bir gün kitabxananın ünvanına 12 bağlama kitab, qəzet və jurnal gəldi. Bunları N.Nərimanov Bakıdan şəxsən özü yola salmışdı. SSRİ Mədəniyyət Nazirliyinin 1975-ci ildə kütləvi kitabxanaların mərkəzləşməsi haqqında sərəncamından sonra rayonumuzun bir sıra kəndlərində fəaliyyət göstərən kitabxanalar Xıllı qəsəbə kitabxanası ətrafında birləşdi. Beləliklə 1977-ci ildə rayon Xıllı qəsəbə kitabxanası rayonda mərkəz funksiyasını daşımağa başladı. Kitabxanaya uzun müddət ictimai əsaslarla İskəndər Məmmədov rəhbərlik etmişdir. 1962-ci ildən isə bura “Əla işləyən kitabxana” adına layiq görülmüşdür. Hal-hazırda bu kitabxana Neftçala rayon MKS-in Xıllı qəsəbə kitabxana filialıdır. 1985-ci ildə Neftçala rayon Mərkəzi Kitabxanası 3 mərtəbəli yeni binaya köçdü və bundan sonra MKS-in fəaliyyəti 1 mərkəzi kitabxana və 85 filial kitabxananı əhatə etməklə daha da genişləndi. Hal-hazırda Neftçala rayon MKS-i 1 Mərkəzi kitabxana və 35 kitabxana filialını əhatə edir. Mərkəzi Kitabxanada 6 şöbə- Oxuculara xidmət, Uşaq, Kitabişləmə və Komplektləşdirmə, Metodika-biblioqrafiya, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması, İnformasiya-resurs şöbələri fəaliyyət göstərir. Həmçinin, Mərkəzi kitabxana rayonun kənd və qəsəbələrində olan kitabxana filiallarına inzibati-metodiki rəhbərlik edir və zəngin fondu ilə oxuculara xidmət göstərir. 2022-ci ilin 1 yanvar tarixinə olan məlumata əsasən MKS-inin ümumi fondu 255167 nüsxə təşkil edir. Bunlardan 113518 nüsxəsi latın, 118995 nüsxəsi kiril, 19953 nüsxəsi rus, 2489 nüsxəsi ingilis dilində və 212 nüsxəsi digər dillərdə olan ədəbiyyatdır. Respublika Prezidentinin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı kitabxanaların latın qrafikalı ədəbiyyatla komplektləşdirilməsində, oxucu sorğularının tam və dolğun ödənilməsində çox böyük rol oynayır. 2005-ci ildən bu günə qədər Sərəncamla əlaqədar kitabxanaya 94549 nüsxə kitab hədiyyə olunmuşdur. 2021-ci ildə MKS-ə 1316 nüsxə yeni ədəbiyyat daxil olmuşdur. İl ərzində 360143 nüsxə kitab verilişi, 27832 nəfər oxucu olmuş və 6 qəzetə abunə olunmuşdur.