Rayon haqqında
Rayon haqqında
Neftçala rayonu keçmiş Azərbaycan SSR-də inzibati rayon kimi ilk dəfə 1940-ci il fevral ayının 11-də təşkil olunmuşdur. Rayonun ərazisi 1451,7 km2, əhalisi 87,27 min nəfərdir. Əhalinin sıxlığı 1 km2-ə 62 nəfərdir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə və 48 kənd vardır. Bu yaşayış məntəqələri 18 inzibati ərazi nümayəndəliyi və 17 bələdiyyə vasitəsilə idarə olunur. Əhalinin ümumi sayının 48,5 faizi kişilər, 51,5 faizi qadınlardır. Rayon əhalisinin 46,0 faizi şəhər, 54,0 faizi kənd sakinləridir. Rayonun ən iri yaşayış məntəqələri Neftçala şəhəri, şəhər tipli Bankə, Həsənabad və Xıllı qəsəbələri, Aşağı Qaramanlı, Xolqarabucaq, Xolqaraqaşlı kəndləridir.
Rayonun ərazisi şərqdən Xəzər dənizi, şimaldan Salyan, qərbdən Biləsuvar, Masallı,Cəlilabad rayonları ilə və cənubdan isə Lənkəran rayonu ilə həmsərhəddir. Şirvan milli parkının və Qızılağac qoruğunun bir hissəsi Neftçala rayonundadır.Rayonun mərkəzi Neftçala şəhəridir. Rayon mərkəzindən Bakı şəhərinə qədər olan məsafə 176 km-dir.
Səthi əsasən düzənlikdir. Əsasən cənub-şərqi Şirvan və Salyan düzləri, qismən Muğan düzü .Ərazisi dəniz səviyyəsindən 22 metr aşağıda yerləşir.Ərazidə neogen-antropogen çöküntüləri yayılmışdır.Əsas faydalı qazıntıları, neft, qaz, yod, brom, xörək duzudur. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda –2, -3 S dərəcə, iyulda +25 +36 S-dir. İllik yağıntı orta hesabla 300 mm-dir.
Torpaqları boz-çəmən, alluvial-çəmən və çəmən bataqlıqdır. Bitki örtüyü əsasən, səhra və yarımsəhra tiplidir. Kür çayı boyunca tuqay meşələri vardır.Rayon ərazisində vəhşi heyvanlar (çöl donuzu, Kiçik Asiya qumsiçanı, qırmızıquyruq qumsiçanı, dovşan, tülkü, canavar), çoxlu sayda quşlar (çöl ördəyi, qaz, turac, dovdağ, qutan, bəzgək və digərləri) və həmçinin, sürünənlər (su ilanı, gürzə, tısbağa) yaşayır. Onların bir hissəsi Şirvan milli parkının və Qızılağac qoruğunun Neftçala rayonuna düşən hissəsində mühafizə olunur.
Rayondakı yeraltı mineral sular yüksək müalicəvi əhəmiyyətə malikdir. Əhali yayda palçıq və istisu vannalarından müalicəvi məqsədlər üçün istifadə edir.
Cənubi Qafqazın ən uzun çayı olan Kür çayı 1515 km məsafəni qət edərək rayon ərazisini 2 hissəyə bölüb məhz burada Xəzər dənizinə tökülür. Dənizə tökülərkən çay delta əmələ gətirir.
Rayon ərazisində iki seçki dairəsi fəaliyyət göstərir. Bunlar 65 saylı Salyan-Biləsuvar-Neftçala və 70 saylı Neftçala seçki dairələridir. Ümumilikdə 70 saylı Neftçala seçki dairəsində 49, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsi üzrə isə 5 seçki məntəqəsi vardır. Hər iki məntəqə üzrə seçicilərin ümumi sayı 57258 nəfərdir. Bunlardan 51870 nəfəri 70 saylı Neftçala seçki dairəsinin, 5451 nəfəri isə 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin seçiciləridir.