Ölkə Başçısı Neftçalada
18 aprel 2023-cü il
Ölkə başçısı cənab İlham Əliyevin Neftçala rayonuna növbəti səfəri 2023-cü il 18 aprel tarixində gərçəkləşmişdir. Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Neftçalaya etdikləri növbəti səfər zamanı ilk öncə şəhərin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamış, rayonumuzda aparılan abadlıq-quruculuq işləri ilə tanış olaraq, bir neçə mühüm obyektin açılışında iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişlər.
Neftçala Olimpiya İdman Kompleksi regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində inşa edilmişdir.
Dövlətimizin başçısına və Birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilərək və bildirilmişdir ki, ərazisi 4 hektar olan Kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və kiqboksinq, rəqs, şahmat və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur. Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.
Ərazidə hər birində 2 çarpayı olmaqla 48 yerlik 24 ədəd standart otaq, 4 ədəd VİP otağın yerləşdiyi üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcəkdir. Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulmuşdur. Asudə vaxt və istirahət məkanı olaraq 84 yerlik qapalı, 136 yerlik həm açıq, həm də qapalı istifadə imkanları olan restoran və kafe də fəaliyyət göstərəcəkdir. Restoranın açıq sahəsi burada yay mövsümündə və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.
Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılmışdır. Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.
Səfər çərçivəsində Ölkə Başçısı Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Bu yol yerli əhalinin müraciəti nəzərə alınaraq yenidən qurulmuşdur. Dövlət başçısına məlumat verilərək bildirilmişdir ki, Neftçala rayonunun 3 yaşayış məntəqəsini əhatə edən 19 km uzunluğu olan bu avtomobil yolu uzun müddət idi ki, istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir edilmirdi.Bu səbəbdən mövcud örtükdə deformasiyalar yaranmışdı. Avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulmuşdur. Yolun torpaq yatağının eni 10 m, hərəkət hissəsi isə 6 m.-ə qədər genişləndirilmişdir. Eyni zamanda Neftçala – Xol Qaraqaşlı – Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidənqurma işləri yekunlaşmışdır. Yol IV texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib və 10 m-ə qədər genişləndirilib. Layihənin icrası 28 min əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi asanlaşdıracaq və kənd təsərrüfatının inkişafına təkan verəcəkdir.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olmuşlar. Dövlət başçısına və Birinci xanıma Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tərəfindən məlumat verilərək bildirilmişdir ki, S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma zavodu 1954-cü ildə istismara verilmiş və özəlləşdirilənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərmişdir. 2018-ci ildə özəlləşdirmə müsabiqəsinin qalibi olan Azerbaijan Fish Farm MMC tərəfindən müəssisənin infrastrukturu tamamilə yenidən qurulub. İnvestisiya proqramının icrası nəticəsində müəssisədə Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatının yaranmasına nail olunmuşdur. Müəssisəyə 16 mln. Manata yaxın vəsait yatırılmışdır. 90-dək yeni iş yeri yaradılaraq işçilərin ümumi sayı 115 nəfərə çatdırılmışdır. Orta aylıq əmək haqqı 600 manat təşkil edir.
Müəssisə 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir. Hollandiyanın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları suyun tərkibini nəzarətdə saxlama sistemi və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün nohurların sayı 34 ədəd olmaqla sahəsi 34 ha.dır. Bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədi ilə 1 milyon ədəd nərə cinsli balıq körpələrinin artırılaraq aidiyyəti qurumların iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer almışdır. 2022-ci ilin yekunlarına əsasən təsərrüfatda ümumilikdə 2.101468 manat dəyərində 50.731 ton balıq məhsulları istehsal olunmuş və satılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak etmişlər.
Dövlətimizin başçısına və Birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verilmiş və bildirilmişdir ki, məktəbin binası 1960-cı ildə inşa olunmuş və ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilmişdir. Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar, əyani vəsaitlərlə tam təchiz edilmişdir. Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası vardır.
Məktəbin həyətyanı sahəsi abadlaşdırılmış, yaşıllaşdırma işləri aparılmışdır.
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
Neftçala Olimpiya İdman Kompleksinin açılışı
Neftçala Olimpiya İdman Kompleksinin açılışı
Neftçala Olimpiya İdman Kompleksinin açılışı
Neftçala Olimpiya İdman Kompleksinin açılışı
Neftçala Olimpiya İdman Kompleksinin açılışı
Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışı
Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun açılışı
Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq
Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq
Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanışlıq
Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışı
Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışı