Ölkə Başçısı Neftçalada
16 yanvar 2024-cü il
Ölkə başçısı cənab İlham Əliyevin Neftçala rayonuna növbəti səfəri 2024-cü ilin yanvar ayının 16-ı tarixində gərçəkləşmişdir. Prezident cənab İlham Əliyev rayonumuza səfərə ilk öncə Neftçala şəhərinin mərkəzində ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamış, daha sonra Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak etmişdir.
Ölkə başçısına bildirilmişdir ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmışdır.
Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilmiş və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilmişdir. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunmuşdur. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşmışdır.
Bununla paralel olaraq, Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilmiş və 5060 sayğac quraşdırılaraq şəhərin su təchizatı sisteminin yenidən qurulması işləri tam yekunlaşdırılmışdır. Eyni zamanda, layihə çərçivəsində şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos stansiyası və məhsuldarlığı gündə 4 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Ötən dövr ərzində uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru və 1 nasos stansiyası inşa edilmişdir..
Yeni yaradılmış infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilmişdir. Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə 17 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilmişdir..
Qeyd olunmuşdur ki, indiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilməkdədir.
Sonda cənab Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə salmışdır.
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimi
Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi mərasimi