Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlar

AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİNDƏN ÇIXARIŞ:

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:
• Yeni il bayramı (yanvarın 1 və 2-si);
• Qadınlar günü (martın 8-i);
• Faşizm üzərində qələbə günü (mayın 9-u);
• Müstəqillik Günü (mayın 28-i);
• Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i);
• Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı);
• Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i);
• Zəfər Günü (noyabrın 8-i);
• Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u);
• Konstitusiya günü (noyabrın 12-si);
• Milli Dirçəliş günü (noyabrın 17-si);
• Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i);
• Novruz bayramı - beş gün;
• Qurban bayramı - iki gün;
• Ramazan bayramı - iki gün;

2. Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

3. İş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.

4. Novruz bayramı, Qurban bayramı, Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.

5. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

6. Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab edilir.

7. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər.

1-2 YANVAR – YENİ İL BAYRAMI

Yeni təqvim ilinin yanvarın 1-dən başlanması eramızdan əvvəl 46-cı ilə təsadüf edir. Bu təşəbbüsün Roma hakimi Yuli Sezar tərəfindən irəli sürüldüyü barədə məlumat vardır. Qədim təsəvvürə görə, ilin birinci ayı hər bir təşəbbüsün himayəçisi hesab olunan Roma allahı Yanusun şərəfinə “Yanvar” adlandırılıb. Sonrakı dövrdə bir çox ölkələrdə yeni ilin ilk günü əsasən kənd təsərrüfatı ilə əlaqələndirilərək yazın əvvəlində, yaxud da payızın axırında qeyd edilirdi.

Orta əsrlərdə Qərbi Avropa ölkələrinin çoxu ilin əvvəlini dekabrın 25-də, martın 1-i və 25-də, Şərqi Avropa ölkələri isə sentyabrın 1-də qeyd edirdilər.

Yeni təqvim ilinin yanvarın 1-dən götürülməsi Qərbi Avropa ölkələrinin əksəriyyətində XVI yüzillikdən, Rusiyada XVIII əsrdən tətbiq edilməyə başlanılıb. XX əsrin ortalarına qədər tədricən digər dünya ölkələri də bu ənənəyə qoşulub (məsələn, Yaponiya 1873-cü ildə, Çin 1912-ci ildə, Yunanıstan 1923-cü ildə və s.).

Yeni il bayramı hər il dünyada böyük təntənə ilə qeyd edilir.

8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ

1910-cu il martın 8-də sosialist qadınların Kopenhagen konfransında Beynəlxalq Qadınlar Gününün qeyd olunması barədə qərar qəbul edilib, lakin konkret tarix müəyyənləşdirilməyib. 1975-ci il “Beynəlxalq Qadın İli”ndə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Qadınlar Gününün hər il martın 8-də qeyd olunmasını qərara alıb.

Azərbaycan qadını özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə xalqın tarixinə parlaq səhifələr yazıb, bütün dövrlərdə böyük hörmətə və ehtirama layiq görülüb. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi 1901-ci ildə Bakıda açılıb.

Qadınlara seçki hüququ ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İtaliyada 1946-cı ildə, İsveçrədə 1971-ci ildə verilib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnu qanunla təsbit edib. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub.

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb. Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il yanvarın 14-də imzaladığı Fərman ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması gender siyasətinin həyata keçirilməsində yeni mərhələ təşkil edib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi “Gender bərabərliyinin təminatları haqqında” Qanun qəbul edib, bununla da gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən olunub.

Bu gün Azərbaycanda qadınlar dövlət idarəçiliyi sistemində fəal təmsil olunur, cəmiyyətdə gedən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslərdə yaxından iştirak edir, dövlətin tərəqqisi və xalqın rifahına dəyərli töhfələrini davam etdirirlər.

NOVRUZ BAYRAMI

Novruz Azərbaycan xalqının mədəniyyətini, milli mənəvi dəyərlərini, folklorunu, milli varlığını özündə əks etdirən və dünyaya tanıtdıran qədim el bayramıdır.

Uzun əsrlərdir Novruz ümumxalq bayramı kimi ölkəmizin hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Zəngin mənəvi irsə və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi və mədəni keçmişinə yüksək ehtiramını, öz milli mənəvi dəyərlərinə dərin bağlılığını nümayiş etdirir. Novruz bir çox Şərq xalqlarının bayramı olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra öz tarixi keçmişini, zəngin ənənələrini inkişaf etdirib, məhz bundan sonra digər milli bayramlar kimi, Novruz da dövlət səviyyəsində daha geniş qeyd olunmağa başlayıb.

2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilib, 2010-cu il fevralın 23-də isə BMT-nin 64-cü Baş Assambleyasının iclasında hər il martın 21-i günü “Beynəlxalq Novruz Günü” elan olunub

9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜ

1945-ci il mayın 8-dən 9-na keçən gecə Berlin şəhərində faşist Almaniyası və onun silahlı qüvvələrinin qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. İkinci Dünya müharibəsində qazanılmış qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 minə yaxın oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, çoxlu sayda həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.

İkinci Dünya müharibəsi illərində Azərbaycan neftçiləri faşizmə qarşı mübarizədə həlledici qələbənin əldə olunmasında müstəsna xidmətlər göstərərək, cəbhə və sənaye üçün 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verib. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşüb.

Bu gün 9 May Azərbaycanda dövlət səviyyəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur.

28 MAY – MÜSTƏQİLLİK GÜNÜ

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Həmin dövrdə demokratik təsisatlar yaradılmış, ordu quruculuğu sahəsində böyük işlər görülmüş, müsəlman Şərqində, ilk dəfə olaraq, qadınlara səsvermə hüququ verilmişdir.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmiş, milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.

Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci il ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib.

Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları həmişə böyük hörmətlə anılır və onların əziz xatirəsi uca tutulur.

15 İYUN – AZƏRBAYCAN XALQININ MİLLİ QURTULUŞ GÜNÜ

Azərbaycan Respublikası müstəqilliyini 1991-ci ildə bərpa etdiyini elan etsə də, hakimiyyətin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti, ayrı-ayrı bölgələrdə separatçılıq meyillərinin baş qaldırması, ağır sosial-iqtisadi vəziyyət ölkəni real vətəndaş qarşıdurması və öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Bu şəraitdə Ermənistanın təcavüzü və torpaqlarımızın işğalı respublikada vəziyyəti daha da gərginləşdirmişdi.

Məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar edib. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı alınıb və əsas diqqət dövlət quruculuğu məsələlərinə yönəldilib. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Ermənistanla atəşkəsə nail olunması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, demokratik sistemin və liberal iqtisadiyyatın formalaşdırılması, milli ordu quruculuğu və təhlükəsizliyin təmin olunması, yeni neft strategiyasının reallaşdırılması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib.

1995-ci ildən başlayaraq cəmiyyət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsinə başlanılıb, Azərbaycanın yeni Konstitusiyası qəbul olunub, çoxpartiyalı siyasi sistem formalaşdırılıb, siyasi plüralizm cəmiyyətin normasına çevrilib, söz və mətbuat azadlığı təmin edilib. Paralel olaraq bazar iqtisadiyyatı quruculuğu məqsədilə mühüm addımlar atılıb, dünyanın aparıcı şirkətləri Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının istismarına cəlb edilib, neftin dünya bazarlarına çıxarılması üçün marşrutlar müəyyənləşdirilib və qısa müddətdə Azərbaycanın inkişafını təmin edəcək resurslar əldə olunub.

Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin maddi, mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli təhlükəsizlik və inkişafın əsas aspektlərini nəzərə almaqla, həm regionda, həm də dünyada Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirib.

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə Ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırılıb, xalqımız nadir tarixi fürsətdən maksimum faydalanıb, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz edib.

26 İYUN – AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

XIX əsr və XX əsrin əvvəllərində - Azərbaycan Çar Rusiyasının tərkibində olduğu dövrdə sıravi müsəlmanlar orduya cəlb edilmirdilər. Yalnız zadəgan nəslinin nümayəndələri orduda xidmət etmək və hərbi təhsil almaq hüququna malik idilər. Çar Rusiyası dövründə Azərbaycan xalqının bir çox görkəmli hərbi xadimləri yetişib. General Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski, general Fərəc bəy Ağayev, general Ehsan xan Naxçıvanski və digərləri məhz belələrindəndir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun ilk işlərindən biri ordu quruculuğu olub. İyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin 5000 nəfər şəxsi heyəti olan ilk nizami ordusu – Əlahiddə Azərbaycan Korpusu təşkil edilib. Qısa müddətdə Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Milli Ordu hissələrinin formalaşdırılması Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edərək milli dövlətçiliyin qorunmasında, sərhədlərinin toxunulmazlığı və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayıb. Birinci Dünya müharibəsinin nəticələrinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda Nazirlər Şurasının 1918-ci il noyabrın 1-də verdiyi qərarla ordu quruculuğuna rəhbərlik Azərbaycan hökumətinin əlində cəmləşib. Həmin il dekabrın 25-də tam artilleriya generalı Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilib. Onlar qısa müddətdə ordu quruculuğunda böyük işlər görüblər. 1919-cu il martında Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun təntənəli hərbi paradı təşkil edilib.

Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyinə daxil olan 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələnib.

Azərbaycanlılar hətta müstəqil olmadığı dövrlərdə də hərbi peşəyə yiyələnməyə çalışıblar. İkinci Dünya müharibəsi zamanı Azərbaycanın növbəti böyük hərbçilər, zabitlər, generallar korpusu formalaşıb. İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanları faşizmə qarşı mübarizədə böyük igidliklər göstəriblər. General Həzi Aslanov, general Akim Abbasov, general Mahmud Əbilov, general Tərlan Əliyarbəyov və bir çox başqa generallar məhz bu dövrdə adlarını tarixə yazıblar.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Müdafiə Nazirliyi yaransa da, bu qurumun təyinatı üzrə fəaliyyəti, xalqın mənafeyinə xidmət etməsi yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin tarixində yeni mərhələ başlayıb, hələ 1971-ci ildə Ümummilli liderin tarixi xidməti nəticəsində yaranmış C. Naxçıvanski adına Hərbi Liseyin məzunu olan zabit kadrları peşəkar ordu quruculuğuna cəlb edilib, ordunun əsasını təşkil etməyə başlayıb, ali hərbi məktəblər yenidən formalaşdırılıb, yeniləri yaradılıb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun şərəfli tarixinə yüksək qiymət verib və bu tarixdən bəhrələnməyin vacibliyinə toxunub, məhz onun 1998-ci il mayın 22-də imzaladığı Sərəncamla iyunun 26-sı - Əlahiddə Azərbaycan korpusunun yaranma günü Azərbaycan Silahlı Qüvvələrinin Günü elan edilib.

Qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. 2008-ci ildən başlayaraq müxtəlif illərdə keçirilmiş hərbi paradlar Azərbaycan Ordusunun qüdrətini əyani nümayiş etdirib.

2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-əməliyyat zamanı qazanılmış tarixi qələbə Azərbaycan Ordusunun qələbə əzmini bir daha göstərib.

2018-ci ilin mayında Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad olunub.

2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirilib. Paradda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün mütləq bərpa olunacağını bildirərək deyib: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək bütün dünyaya sübut etdi ki, onun iradəsini sarsıtmaq, işğalla barışmağa məcbur etmək mümkün deyil. Azərbaycan Ordusu Ermənistanın mütəmadi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də “Dəmir yumruq” əməliyyatına başladı və noyabrın 10-dək davam etmiş 44 günlük Vətən müharibəsi nəticəsində işğalçı ölkəni diz çökməyə, kapitulyasiyaya məcbur etdi.

Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Bu tarixi gün münasibətilə Azərbaycan Prezidenti deyib: “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin də əyani təsdiqi oldu.

18 OKTYABR – MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ

Azərbaycan XX əsrin sonlarında SSRİ-nin dağılması ilə əlaqədar öz dövlət müstəqilliyini yenidən elan edib. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur.

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda Azərbaycan xalqı ölkənin müstəqilliyinə və suverenliyinə səs vermişdir.

Bununla yanaşı, həmin dövrdə ölkədə mövcud olan hərc-mərclik və hakimiyyət böhranı, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müstəqil dövlət quruculuğu prosesinə böyük zərbə vurmuşdur. Yalınız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra xalqın milli müstəqillik ideyalarının reallaşdırılması istiqamətində məqsədyönlü addımlar atılmış, Azərbaycanın dövlətçilik ənənələri və suverenliyi bərpa edilmişdir.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olmuşdu. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etmişdir.

8 NOYABR – ZƏFƏR GÜNÜ

Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın işğalçı siyasəti regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir və hər an vəziyyətin gərginləşməsinə səbəb ola bilər. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc azərbaycanlı əhalini və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutdu. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan təcavüzkarı cəzalandırmaq, işğala son qoymaq və bununla da BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına və ədalətin bərpasına nail olmaq üçün 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başladı. Həmin gün xalqa müraciətində Prezident İlham Əliyevin “Biz haqq yolundayıq, işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözləri bütün vətəndaşları müqəddəs amal uğrunda yumruq kimi birləşdirdi, Azərbaycan xalqı güclü iradə, əzm, yenilməzlik və milli həmrəylik nümunəsi ortaya qoydu.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Tərtər, Xocalı, Xocavənd və Laçın rayonlarının bir çox kənd və qəsəbələri də daxil olmaqla, ümumilikdə, 300-dən artıq yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ, Zəngilan və digər istiqamətlərdə mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Azərbaycanın rəşadətli əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mürəkkəb mühəndis-istehkam sistemlərini yarıb keçdi, torpaqlarımız qəhrəman hərbçilərimizin, şəhidlərimizin qanı və canı bahasına geri qaytarıldı.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən xilası müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Prezidentinin imzaladıqları birgə Bəyanata əsasən işğalçı dövlət noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonlarını Azərbaycana geri qaytarmağa məcbur edildi və mühüm strateji əhəmiyyətə malik daha üç rayon qan tökülmədən, itki verilmədən azad olundu.

Prezident İlham Əliyevin düşünülmüş, qətiyyətli siyasəti, Azərbaycanın iqtisadi gücü, müasir ordusu, xalq-iqtidar birliyi tarixi Qələbəmizi təmin edən başlıca amillər oldu. Əsrlər boyu torpaq itkisinin ağrısı ilə yaşamış Azərbaycan xalqı bu ənənəyə son qoyaraq tarixinin daha bir şanlı qəhrəmanlıq salnaməsini yaratdı, qalib, əyilməz ruha malik xalq olduğunu bütün dünyaya sübut etdi.

Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu, beləliklə, bu problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 mühüm sənədin - aprelin 30-u tarixli 822 saylı, iyulun 29-u tarixli 853 saylı, oktyabrın 14-ü tarixli 874 saylı, noyabrın 11-i tarixli 884 saylı qətnamələrinin icrasını Azərbaycan təkbaşına həyata keçirdi.

Əldə edilmiş qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ardıcıl və prinsipial siyasətin, gərgin diplomatik fəaliyyətin, informasiya cəbhəsində əldə edilmiş üstünlüyün məntiqi nəticəsi oldu.

2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində Şuşaya xitabla dediyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlər Vətən müharibəsində zəfər müjdəsi oldu.

Həmin günün tarixi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü elan edildi.

9 NOYABR – AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜ

Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da qəbul edilib və 1920-ci il aprelin 27-dək – Azərbaycanın işğalı və öz müstəqilliyini itirməsinə qədər dövlət rəmzi statusuna malik olub.

Dövlət Bayrağının eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üçrəngli parçadan və bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdə) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayraqda mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edib və Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Dövlət Bayrağı elan olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” 2007-ci il noyabrın 17-də imzaladığı Sərəncam Dövlət Bayrağına olan xüsusi ehtiramın bariz nümunəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü təsis edilmişdir və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Dövlət Bayrağını qəbul etdiyi gün - noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

12 NOYABR – KONSTİTUSİYA GÜNÜ

Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib.

SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib.

1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Burada Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biridir.

Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklər edilib. Bunun nəticəsində ilkin redaksiyaya münasibətdə əhəmiyyətli dərəcədə dəyişikliyə uğrayan Konstitusiya 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanıb, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Ümumxalq səsvermələri ilə Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci il avqustun 24-də dəyişikliklər, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da isə əlavələr və dəyişikliklər edilib.

Konstitusiya “demokratik, hüquqi, dünyəvi, unitar respublika” prinsipinə əsaslanaraq, Azərbaycanda demokratik və müasir dövlət quruculuğunun, fundamental sosial-iqtisadi, siyasi-hüquqi islahatların həyata keçirilməsini təmin edir.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

17 NOYABR – MİLLİ DİRÇƏLİŞ GÜNÜ

1988-ci il noyabrın 17-də Bakının Azadlıq (keçmiş Lenin) meydanında Qarabağ məsələsi ətrafında SSRİ rəhbərliyinin nümayiş etdirdiyi anti-Azərbaycan siyasətinə və Ermənistanın Azərbaycana açıq təcavüzünə qarşı uzunmüddətli etiraz mitinqi başlayıb. Xalq etirazı həmin il noyabrın 22-də Bakıya sovet qoşunlarının çoxsaylı kontingentinin daxil olması, elan edilən komendant saatına baxmayaraq dayanmayıb, yalnız dekabrın 5-nə keçən gecə qoşunların və zirehli texnikanın tətbiqi ilə ümumxalq mitinqi qəddarlıqla dağıdılıb.

Azərbaycanda xalq hərəkatının başlanğıcı olan və müstəqillik yolunda mühüm əhəmiyyətə malik bu tarixi hadisə Milli Dirçəliş Günü kimi tarixə düşüb.

31 DEKABR – DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyi ideyasını irəli sürərək, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü kimi qeyd olunmasını təklif edib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 6 bənddən ibarət qərarında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü elan olunması və hər il bayram edilməsi, bayramın Azərbaycanda rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilməsi və digər məsələlər öz əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü ildə imzaladığı Fərmanla dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunub. Bu, dünya üzrə sayı 50 milyonu keçən bütün azərbaycanlıların bayramıdır.

Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılıb. 2002-ci ildə Azərbaycanın dünyada 200-dən bir qədər çox diaspor təşkilatı mövcud idisə, hazırda onların sayı 500-ə yaxınlaşıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə Dünya Azərbaycanlılarının ikinci, 2011-ci ildə üçüncü, 2016-cı ildə dördüncü qurultayları keçirilib.

Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı 2022-ci ilin aprelin 22-də Şuşa şəhərində keçirilib. Həmin qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitqlə çıxış edərək dedi: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda, təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir.”.

QURBAN BAYRAMI

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən bir neçə gün davam edir.

İslamın səmavi din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edir. Həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

Bu bayram Azərbaycanda milli mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi kimi qeyd olunur. Ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi ehtiramla yad olunur, böyük xeyriyyəçilik işləri görülür.

Humanizm və ümumbəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi İslamı dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

RAMAZAN BAYRAMI

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək imkanı qazanır, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

İslam aləminin ayrılmaz parçası olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir. Yüksək fərəh və könül xoşluğu ilə tutulan oruclar cəmiyyətimizdə birlik və həmrəyliyin, dostluq və qardaşlıq münasibətlərinin təntənəsinə çevrilir.

Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsi, müsəlman ölkələri və xalqları arasında qarşılıqlı etimada söykənən əlaqələrin daha da inkişaf etdirilməsi işində töhfələrini əsirgəmir.

Etnik-dini dözümlülük, dinlərarası həmrəylik və əməkdaşlıq məkanı olan Azərbaycan sivilizasiyalararası dialoq forumları, dini liderlərin zirvə toplantıları və digər bu kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın təşəbbüsü olan “Bakı Prosesi” 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və məhsuldar dialoqun qurulması məqsədilə irəli sürülüb və hazırda qlobal hərəkata çevrilib.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi qeyd edilməsi və bu çərçivədə ölkədə və dünyada çoxsaylı tədbirlərin keçirilməsi, həmin il IV İslam Həmrəyliyi Oyunlarının təşkili və s. ölkəmizin dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi mühüm əməli töhfələrdir.

Ermənilər tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən 67 məsciddən 65-nin dağıdılması, dini məbədlərə qarşı saymazlığın göstərilməsi erməni faşizminin əyani təzahürü olmuşdur. Azərbaycan elan etmişdir ki, bu ərazilərdə dağıdılmış məscidlər bərpa ediləcək, mövcud olan digər dinlərə məxsus abidələr qorunub saxlanılacaq və dini tolerantlıq nümayiş etdiriləcəkdir.

Keçidlər