Məmmədov Xanoğlan Sadıq oğlu.
Məmmədov Xanoğlan Sadıq oğlu 1975-ci ildə fevralın 13-də Neftçala rayonunun Beştalı kəndində dünyaya göz açıb. 1981-ci ildə Neftçala rayon Cəngən kənd məktəbinin I sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin IX sinfini bitirmişdir. O, təhsilini Salyan rayon texniki peşə məktəbində davam etdirmişdir.Xanoğlan Məmmədov 1993-cü ildə Neftçala rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətə Sanqaçalda 960 saylı hərbi hissədə başlamış, hərbi təlim keçdikdən sonra Pirişküldə 877 saylı hərbi hissədə xidmətini davam etdirmişdir. Xanoğlan Məmmədov hərbi hissədə əla xidməti ilə əlaqədar komandir heyyəti tərəfindən verilən əmrləri vaxtlı- vaxtında yerinə yetirdiyinə görə
çavuş rütbəsi ilə təltif edilmişdir. O, sonra hərbi xidmətini 172 saylı hərbi hissədə döyüş bölgəsində davam etdirmişdir. Göy göl rayonunun Tuqana kəndi ərazisində, Kəlbəcər istiqamətində Murovdağ ərazilərində döyüşlərində olmuşdur. 1995-ci il mart hadisələri zamanı Konstitusiya qurluşunun müdafiəsi zamanı həlak olmuşdur.
Subay idi.
1995-ci il aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Xanoğlan Məmmədov Sadıq oğlu “Azərbaycanın Milli Qəhrəmanı”adına layiq görülmüşdür (ölmündən sonra).
Xatirəsi əbədiləşdirilərək Neftçala rayon mədəniyyət sarayı qəhrəmanın adına verilmişdir.
Anadan olduğu Beştəli kəndində büstü qoyulmuşdur. Beştəli kənd qəbrstanlığında dəfn edilmişdir.
Ruhu şad olsun!
Məcidov Zakir Nüsrət oğlu.
Məcidov Zakir Nüsrət oğlu 1956-cı il iyun ayının 26-da Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlmişdir. Sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçmüşdür. Bakıda 17 saylı məktəbdə I sinfə getmiş, sonra 70 saylı məktəbdə X sinfi bitirmişdir. O, 1974-cü ildə Rayzanda ali hərbi aviasiya məktəbinə daxil olmuş, 1978-ci ildə məktəbi bitirmişdir.Zakir Məcidov əmək fəaliyyətinə leytinat rütbəsində
Yevlax aviya dəstəsində AN-2 təyyarəsində II pilot kimi başlamışdır. O, 1980-ci ildə Zabrat aviya dəstəsinə göndərilərək komandir təyin edilir. Burada bir neçə il xidmət etdikdən sonra Ukraynada təyyarəçilər məktəbində Mİ-2 vertalyotu üzrə təkmilləşmə kursunda oxumuşdur. Zakir Məcidov Qarabağda, sərhəd bölgələrinə tez-tez uçuşlar edir, erməni silahlı qüvvələrini və texnikasını raket zərbələri ilə məhv etməsinə nail olmuşdur. Onun cəsurluğu sayəsində erməni ordusunun dəfələrlə ağır zərbələrə məruz qalması danılmaz fakt idi. Məhz bu iradə möhkəmliyi qətiyyətli uçuşlara görə Zakir Məcidov 1992-ci ildə Bakıda Qala qəsəbəsində Mİ-24 vertalyotlarından birinə komandir təyin edilir. O, yenə də İgidlik nümayiş etdirərək döyüş zonalarına uçur, düşmənə ağır zərbələr endirir, xeyli sayda texnikanı sıradan çıxarır. Cəsur komandirin göstərdiyi qəhrəmanlıq düşmənə ağır, sarsıdıcı zərbələr vurmasına görə, mənfur düşmən bu vertalyotu xüsusən nəzarətdə saxlayırdı. Zakir Məcidovun Ağdərə zonasına düşmən mövqeylərini darmadağın etməsi erməni qüvvələrini lərzəyə salmışdır. Belə ki, düşmən 92-ci ilin avqustunda istəyinə nail olur. Döyüşdə düşmən tərəfindən atılan raketlə onun vertalyotu vurulur və düşmən nəzarətində olan zonaya düşür. Cəsur, qorxmaz vətən oğlu faciəli surətdə həlak olur.
Ailəli idi.
1992-ci il sentyabrın14-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Məcidov Zakir Nüsrət oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. (ölmündən sonra).
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ruhu şad olsun!
İmanov Samid Gülağa oğlu.
Samid Gülağa oğlu İmanov 1981-ci il oktyabr ayının 14-də Neftçala rayonunun Həsənabad kəndində anadan olmuşdur. 1998-ci ildə Neftçala rayonu 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olmuşdur. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirmişdir .2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət etmişdir. Türkiyədə “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” “Komando təlimi” və Paraşütdən sərbəst atlayış kurslarında, habelə “Anadolu -2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində ”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveç krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “Dağa dırmanma üzrə təlimatçı" kursunda iştirak etmişdir.
Bir müddət Azərbaycan Respublikası Müdafiə nazirinin mühafizə xidmətinin rəisi olmuş, daha sonra öz istəyi ilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıtmış, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşunun komandanının köməkçisi vəzifəsini icra etmişdir. 2014-cü il avqust ayında erməninin təxribatının qarşısını almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirmiş 20-yə yaxın ermənini məhv edərək geriyə qayıtmışdılar.
2016-cı ilin aprel ayının əvvəllərində Qarabağda Dördgünlük müharibədə, döyüşdə yaralanan komandir mayor Samid İmanov əsgərlərinin onu döyüş meydanından çıxarılmasına etiraz eləmiş, yaralı gizirin çıxardılmasını əmr etmişdir. Əsgərlərinin etirazına baxmayaraq. əmrin icra edilməsi üçün qəti göstəriş vermişdir. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq yenidən qayıtmış, amma komandiri yerində tapa bilməmişlər. Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan uzaqlaşmış, lakin aldığı yaralardan qan axma nəticəsində dünyasını dəyişmişdir.
Samid İmanov, 9 aprel 2016-cı ildə Neftçalanın Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ruhu şad olsun!