Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

Neftçala rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə birləşmişdir. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək Salyan rayonunun tərkibinə verilmiş və 4 ildən sonra Neftçala sənaye rayonu kimi fəaliyyət göstərmiş və 1965-ci ildə ləğv edilərək Salyan rayonu ilə birləşmişdir. 1973-cü ilin aprel ayında Ümummilli lider Heydər Əliyevin xeyirxah təşəbbüsü ilə Neftçala rayonu yenidən təşkil olunmuşdur. Rayonun sahəsi 1451,7 km2. Rayonda bir şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Neftçala şəhəridir. Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində, Xəzər dənizi sahilində yerləşir.Rayonun ərazisi səthi düzənlikdir. Kür-Araz ovalığına aid olan Şirvan və Muğan düzlərinin bir hissəsi Neftçala rayonunun ərazisində yerləşir. Rayon ərazisinin mütləq hündürlüyü okean səviyyəsindən 25-28 metrə qədər aşağıdır. Bir neçə palçıq vulkanları vardır. İqlimi quru sutropik iqlimdir. İllik yağıntıların miqdarı 300-400 mm-ə çatır. Respublikanın Ən böyük çayı olan Kür Neftçala rayonunun ərazisində Xəzər dənizinə tökülür. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə cənubdan Qızılağac Dövlət Qoruğu həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon mərkəzindən Salyan şəhərinə qədər 43 km avtomobil yolu onun Bakı-Astara avtomobil magistralına çıxışını təmin edir. Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və balıqdır.

Keçidlər