Neftçalada yol infrastrukturunun yenidən qurulması işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2023-cü il tarixli Sərəncamına əsasən yenidən tikintisinə başlanılan uzunluğu 42 km olan “Xanməmmədli-Qaçaqkənd-Qırmızıkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində 14,9 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini Neftçala rayon mərkəzi il birləşdirən avtomobil yolunun yenidən qurulması işlərinə 2023-cü ilin may ayından başlanılmışdır.
Şorsulu yaşayış məntəqəsindən Xəzərkənd yaşayış məntəqəsinə kimi uzunluğu 30 km olan hissədə yolun torpaq yatağının genişləndirilməsi və bərkidilməsi, yolun bəzi hissələrində yaranmış çökmələr və deformasiyalar aradan qaldırılmışdır. Eyni zamanda yolda olan süni qurğular, o cümlədən yolun 2,8 km hissəsində Şor kanal üzərində olan körpüdə piyadalar üçün səki yolunun tikintisi, 2+750, 2+850, 6+300 km olan su ötürücü boruların istinad divarının betondan düzəldilməsi, Qaçaqkənd avtomobil yolunun giriş hissəsində Akkuşa çayı üzərində körpünün, Qırmızıkənd, Xolqarabucaq avtomobil yolunun Akkuşa çayı üzərində olan 2 ədəd körpünün hərəkət hissəsi genişləndirilərək nəticədə piyadalar üçün səki yolu inşa edilmişdir. Eyni zamanda hər 2 körpünün məhəccərləri yenisi lə əvəz edilmişdir. Karxana çınqıl materaillarından torpaq yatağının bərpası və qazılmış hissələrinin doldurulması işləri yerinə yetirilmiş, alt layının optimal qum-çınqıl materialı ilə bərkidilməsi işləri davam etdirilir. Bundan əlavə mövcud dəmir beton su ötürücü boruların yenisi ilə əvəz edilməsi, başlıqların beton qarışığı ilə düzəldilməsi və Qaçaqkənd yaşayış məntəqəsinin avtomobil yolu asfalt-beton qarışığı ilə alt qatının tikintisi davam etdirilir. Yol əsasının alt və üst layının tikintisi üçün optimal qum-çınqıl materialı yola daşınır.
Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması işlərinin vaxtında yekunlaşdırılması RİH tərəfindən daima nəzarətdə saxlanılır və əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması istiqamətində işlər ardıcıl şəkildə, yüksək keyfiyyətlə davam etdirilir.