Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir
20 may 2022 | 14:59
Prezident İlham Əliyevin “Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 11 dekabr 2019-cu il tarixli 1687 nömrəli Sərəncamının icrası davam etdirilir.
Rayonun qəsəbə və kəndlərinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərsu ASC tərəfindən hazırlanan layihənin mərhələlərlə həyata keçirilməsinin vəziyyəti ilə əlaqədar olaraq Neftçala RİH başçısı Mirhəsən Seyidov su xətlərinin tikintisinin aparıldığı ərazilərə baxış keçirib.
Hal- hazırda Azəraqrartikinti ASC tərəfindən Neftçala rayonunun M.Ə.Sabir və M.Ə.Rəsulzadə küçələrində yeni su xətlərinin və kanalizasiya sisteminin tikintisi işləri həyata keçirilir. Neftçala RİHB görülən işlərlə yerindəcə tanış olub, mövcud layihə ilə əlaqədar olaraq vətəndaşların maraqlarına uyğun olaraq təklif və tövsiyyələrini bildirib.
Yeni layihə ilə Neftçala şəhərində 90,2 km uzunluğunda çəkiləcək su xəttinin 7 km- ə yaxın hissəsində işlər yekunlaşıb, 2500 ədəd su sayğacından 70- ə yaxın sayğac tam quraşdırılıb. Neftçala şəhərinin, qəsəbə və kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin mərhələli və sürətli şəkildə həyata keçirilməsi işləri davam etdirilir.
Məlumat üçün bildiririk ki, Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə Salyan rayonu ərazisindəki su tutumu 7500 kubmetr su anbarı inşa olunub, Neftçala şəhərində çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40 min nəfərə yaxın şəhər sakininin içməli su təminatını yaxşılaşdırmaq üçün 44 kilometr uzunluğunda su xətti çəkilib, sayğaclaşdırılıb və Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması işləri həyata keçirilib.