Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayılov Camal Vidadi oğlu

                       

                      Soyadı :                              İsmayılov

                      Adı :                                    Camal

                      Ata adı :                              Vidadi  

                      Doğum tarixi :                    07.07.1984

                      Dəfn olunduğu tarix :        23.10.2020   

                      Rütbə :                                Baş gizir      

                      Təltifləri

                                                                             

 

Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Camal İsmayılov 1990-cı ildə İqarka şəhərində V. P. Astafyev adına 1 nömrəli orta ümumtəhsil məhtəbinin birinci sinfinə qəbul olmuşdur və birinci sinifi orada bitirmişdir. 1991-ci ildə İsmayılovlar ailəsi doğma Neftçala rayonuna qayıtmışdırlar və Camal İsmayılov təhsilini Neftçala şəhərində 1 nömrəli tam orta məktəbdə davam eləmişdir. 2001-ci ildə oradan məzun olmuşdur və hərbi xidmətə yollanmışdır. Camal İsmayılov 2002-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edən zaman hərbi hissə rəhbərliyinin diqqətini cəlb elədiyinə görə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə davam eləməsi barədə qərar verilmişdir. Camal İsmayılov 2015-ci il martın 2-dən aprelin 2-nə qədər Konya şəhərinin 3-cü Ana Jet Üs Komutanlığında baş tutan "TURAZ Şahini — 2015" hərbi təlimlərinə qatılmışdır və buna görə diplomla təltif edilmişdir.

Camal İsmayılov 2015-ci il mayın 9-da Faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə Rusiyanın Qızıl meydanında baş tutan parad zamanı mayor Mehdi Mahmudovun rəhbərliyi altında 70 nəfərdən ibarət olan Azərbaycan Silahlı Qüvvələrinin qrupunun heyətində idi.
Daha sonra isə o, 2015-ci il sentyabrın 28-dən oktyabrın 16-na qədər Gürcüstanda baş tutan dağçılıq üzrə hərbi təlimlərə qatılmışdır və buna görə diplomla təltif edilmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Camal İsmayılov, cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

2019-cu ilin 6–24 mayında 5 dövlətin qatıldığı və Kayseri şəhəri yaxınlığında yerləşən Ərciyəs dağında baş tutan "ERCİYES — 2019" hərbi təlimlərinə qatılmışdır, buna görə də diplomlarla təltif edilmişdir.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri olan Camal İsmayılov əvvəlcə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Sentyabrın 27-də səhər döyüşlərində Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarılmışdır və döyüşlərin birinci saatları ərzində Füzuli rayonunun beş yaşayış məntəqəsi — Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvənd işğaldan azad edilmişdir. Camal İsmayılovun mənsub olduğu tabor üç gün ərzində Füzuli rayonu istiqamətində bir sıra əlverişli mövqeləri işğaldan azad eləmişdir. Sentyabrın 29-da Tabor Komandiri Kamil Şirinov şəhid olmuşdur.

Azərbaycan və Ermənistan bölmələri arasında mövcud olan təmas xətti yarıldığdan sonra Camal İsmayılov və silahdaşları Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi — Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilmişdir.

Cəbrayıl şəhəri və rayonun şərq hissəsi işğaldan azad olunduğdan sonra Xüsusi Təyinatlı Qüvvələr Füzuli istiqamətində döyüşlərə daxil olmuşdur. Müharibənin birinci saatlarında işğaldan azad olunan və strateji əhəmiyyətə sahib olan Yuxarı Əbdürrəhmanlının Azərbaycan Ordusunun nəzarəti altında olması, Füzuli şəhərinə hücumu şərtləndirən amillərdən biri idi. Amma Ermənistan Ordusunun Füzuli şəhərində qurduğu müdafiə xəttindən dolayı Azərbaycan Ordusu Füzuli şəhərinə Xocavənd rayonu ərazisindən daxil olmağı qərara almışdır. 10 gündən çox Xocavənd rayonu ərazisində davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin Qrup Komandiri Camal İsmayılov və döyüş yoldaşları Hadrut uğrunda gedən döyüşlər zamanı bir sıra qəhrəmanlıq nümunələri göstərmişdilər. Bunlar sırasında baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyevdən ibarət olan qrupu Hadrut istiqamətində Ermənistan Ordusunun diversiya qrupunun pusquya salınması da daxildir.

Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bölmələr Füzuli şəhəri istiqamətinə irəlləməzdən əvvəl strateji önəmə sahib olan, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin arasında olan Ərgünəş dağı nəzarətə alınmalı idi. Xüsusi Təyinatlı Qüvvələr və digər bölmələr tərəfindən Ərgünəş dağı uğrunda bir neçə gün davam edən döyüşlərin nəticəsində əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Ərgünəş dağı işğaldan azad olunmuşdur. Bundan sonra ayın 14-dən 16-na qədər üç gün ərzində Bulutan, Edilli və Xırmancıq işğaldan azad olunmuşdur. Füzuli rayonu istiqamətində də ciddi irəlləyiş əldə olunmuşdur. Əvvəlcə Füzuli rayonunun qərb hissəsində yerləşən Qaradağlı, Qaraqollu və Xatınbulaq, bir gün sonra (15.10.2020) isə Arış işğaldan azad edilmişdir.

Bununla da Azərbaycan Ordusu strateji nöqteyi nəzərdən ciddi üstünlüyə sahib olmuşdur, həm Xocavənd rayonunun şərq hissəsindən, həm də Füzuli rayonunun qərb hissəsindən Füzuli şəhəri nəzarət altına alınmışdır və Füzuli əməliyyatının əsas hissəsi başlanmışdır. 2 gün ərzində Füzuli istiqamətində ağır döyüşlər olmuşdur. 2-ci Ordu Korpusunun, Xüsusi Təyinatlı Qüvvələrin və Daxili Qoşunların da qatıldığı döyüşlərin nəticəsində Azərbaycan Ordusu tərəfindən qısa müddət ərzində Cuvarlı, Çimən, Dədəli, İşıqlı, Musabəyli, Pirəhmədli və Qoçəhmədli işğaldan azad edilmişdir. Nəticədə bütün istiqamətlərdən nəzarəti tam ələ alan Azərbaycan Ordusu Füzuli şəhərinə daxil olmağa nail olmuşdur. Ayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinin 27 il davam edən işğaldan azad olunduğunu bildirmişdir. O, həmçinin Füzuli uğrunda döyüşlərin ağır olduğunu vurğulamış və şəhərin şücaət hesabına azad olunduğunu bildirmişdir.

Cəbrayıl şəhərinin və rayonun geniş bir hissəsinin, Hadrut qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin, həmçinin Füzuli şəhərinin və rayonun geniş bir hissəsinin azad edilməsindən sonra əsasən Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlılarından ibarət olan dəstələrlə Azərbaycan Ordusu bölmələri Zəngilan rayonu istiqamətində döyüşlərə qatılmışdır və Zəngilan şəhəri qısa müddət ərzində işğaldan azad olunmuşdur.

Qısa müddət ərzində Zəngilanın azad edilməsindən sonra Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonu ərazisinə istiqamətlənmişdir. Ayın 18-də Qubadlı rayonu istiqamətində döyüşlər başlamışdır. Döyüşlər ərzində Azərbaycan Ordusunun bölmələri Qubadlı rayonunun 10-dan çox yaşayış məntəqəsinə daxil olmağa nail olmuşdur. Ayın 19-da Camal İsmayılov Qubadlı rayonu istiqamətində döyüşə daxil olmuşdur. Bu onun son döyüşü olmuşdur.

Camal  İsmayılov və 40 nəfərdən ibarət olan qrup oktyabrın 19-da Laçın dəhlizinə nəzarəti ələ almaq üçün ciddi önəmə və strateji əhəmiyyətə sahib olan mövqelər uğrunda döyüşlərə daxil olmuşdular. Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Qeyri-bərabər şəraitdə olan döyüşlərdə Ermənistan tərəfdən ~150–200 hərbi qulluqçusu döyüşmüşdür. 7 saatdan çox davam edən ağır döyüşlər nəticəsində Xüsusi Təyinatlı Qüvvələrdə Qrupun şəxsi heyətindən dörd nəfər — baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov, gizir Şəhriyar Quliyev və gizir Elyar Vəliyev şəhid olmuşdur. Ümumi olaraq Camal İsmayılovun mənsub olduğu tabor müharibə zamanı Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Camal İsmayılovun şəhid olduğu ayın 21-də, anasını doğum günündə təsdiq olunmuşdur. 23 oktyabr 2020-ci ildə Neftçala şəhərində dəfn olunmuşdur.

Şəhid İsmayılov Camal Vidadi oğlu xidməti dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə, "Qələbə günü münasibətilə hərbi parada qatıldığına görə" medalı ilə, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılova "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Camal İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Camal İsmayılov 2008-ci ildə Fatimə İsmayılova ilə ailə həyatı qurmuşdur. 2009-cu il təvəllüdlü Əsmət və 2011-ci il təvəllüdlü Əsnad adında qızları olan Camal İsmayılov, hərbi əməliyyatlara yollanmazdan əvvəl oğlunun olacağını öyrənimişdir və övladına Alparslan adını verəcəyini demişdir. 2021-ci il fevralın 12-də onun oğlu dünyaya gəlmişdir və övladına atasının arzusuna uyğun olaraq Alparslan adı verilmişdir.

Keçidlər