Şriftin ölçüsü :

Saytın rəngi :

Zərərli vərdişlərin fəsadları və qarşısının alınması mövzusunda maarifləndirici tədbir keçirilib

08 aprel 2026 | 14:24

Neftçala Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun təşkilatçılığı və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun dəstəyi ilə Neftçala şəhər Əlif Piriyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Zərərli vərdişlərin fəsadları və qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, səhiyyə işçiləri, məktəb rəhbərliyi, müəllimlər, psixoloqlar, şagirdlər və valideynlər iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  

Çıxışlar zamanı siqaret, alkoqol və narkotik vasitələrin insan sağlamlığına, xüsusilə də yeniyetmələrin fiziki və psixoloji inkişafına vurduğu zərərlər geniş şəkildə izah olunub. Bildirilib ki, bu cür vərdişlər müxtəlif xəstəliklərin yaranmasına səbəb olmaqla yanaşı, erkən yaşlarda mənimsənildikdə gələcək həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir. Bununla yanaşı, mobil telefon və digər rəqəmsal cihazlardan uzun müddət və nəzarətsiz istifadənin də uşaqların sağlamlığı üçün arzuolunmaz nəticələrə səbəb olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu kimi halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, valideyn nəzarətinin gücləndirilməsi və məktəb mühitində sağlam həyat tərzinin təşviqi xüsusi əhəmiyyət kəsb edir. Şagirdlərə düzgün qidalanma, fiziki aktivliyin vacibliyi və sağlam həyat tərzinin formalaşdırılması barədə ətraflı məlumat verilib.

Tədbir qarşılıqlı müzakirələr şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər