8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümünə həsr edilmiş “Zəfərin Ruhu” adlı tamaşa nümayiş olunub
07 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Zəfərin Ruhu” adlı tamaşa nümayiş olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər, mədəniyyət işçiləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tamaşadan əvvəl iştirakçılar Neftçala Dövlət Rəsm Qalereyası və C.İsmayılov adına Neftçala rayon Uşaq-İncəsənət məktəbinin şagirdlərinin Zəfər Gününə həsr edilmiş əl işlərindən ibarət sərgiyə və Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən təşkil edilən Vətən müharibəsində həlak olmuş neftçalalı şəhidlərin şəxsi əşyalarından ibarət sərgiyə baxış keçiriblər. Ziyarətçilər sərgidə nümayiş olunan eksponatlarla tanış olaraq qəhrəman şəhidlərimizin keçdiyi şərəfli həyat yoluna bir daha nəzər salıblar.
Tamaşada ilk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbiri Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva açaraq qonaqları salamlayıb, Zəfər Günü münasibətilə xalqımızı təbrik edib və təqdim olunacaq tamaşa barədə ətraflı məlumat verib. Bildirilib ki, “Zəfərin Ruhu” tamaşası xalqımızın 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, həmrəy və mübarizlik ruhunun bədii ifadəsidir.
Tamaşada aktyorlar Vətən sevgisini, şəhidlərimizin igidliyini və xalqımızın birlik əzmini böyük ustalıqla səhnələşdiriblər. Tamaşa boyu nümayiş etdirilən vətənpərvərlik ruhu, xalqımızın qəhrəmanlıq salnaməsini bir daha xatırladaraq, azadlıq uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram ifadə edib.
Tamaşa iştirakçıları alqışlarla qarşılanıb, tədbir yüksək vətənpərvərlik ruhunda başa çatıb.
Sonda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, təqdim olunan səhnə əsəri haqqında fikirlərini bölüşüb və mədəniyyət kollektivinə öz təşəkkürlərini bildiriblər.







