Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr -“Zəfər Günü”nün 5-ci ildönümü münasibəti ilə "Zəfər naminə həmrəylik" adlı görüş keçirilib

28 oktyabr 2025 | 15:55

28 oktyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılıqları ilə 8 Noyabr- “Zəfər Günü”nün 5-ci  ildönümü münasibəti ilə Neftçala rayon Mərkəzi Kitabxanasında  "Zəfər naminə həmrəylik"  mövzusunda görüş təşkil olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin  məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailə üzvləri, ağsaqqallar, ziyalılar və mədəniyyət işçiləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər-  Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Əbülfəz Ağayev, şəhid Rövşən Ağamalıyevin atası Baloğlan Ağamalıyev, “Neftçala-Gündoğar” MMC-nin direktoru, qəzetin redaktoru Bədirə Niftalıyeva, Mərkəzi Kitabxananın şöbə müdiri Fərqanə Məmmədova, rayon ağsaqqalları, təqaüddə olan təhsil işçisi Salman Abdullayev və ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev bildirdilər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi iz qoymuş bir gündür. Bu Qələbə xalqımızın birliyinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün nəticəsidir.

Qeyd olundu ki, bu Qələbə  şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin siyasi iradəsi və müdrik diplomatiyası, eləcə də xalq-iqtidar-ordu birliyinin sayəsində əldə edilmişdir. 44 günlük Vətən müharibəsində əldə edilmiş uğurlar uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Vaxtilə Ulu Öndər Heydər Əliyevin uğurlu təməlini qoyduğu və ölkəmizin sarsılmaz dayağı kimi inkişaf etdirdiyi vahid azərbaycançılıq ideyası Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiya üzrə möhtəşəm inkişaf yolu keçərək ən yüksək məqama, milli birlik, milli həmrəylik zirvəsinə yetişib.

Çıxışçılar eyni zamanda vurğulayıblar ki, bu gün biz təkcə bu tarixi anı yad etmirik, həm də gələcək nəsillər üçün vətənpərvərlik, milli həmrəylik və dövlətə sədaqət nümunəsini göstəririk. Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli dəyərlərin və dövlətçilik ənənələrinin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin xatirəsi daim qəlblərimizdə yaşayacaq, qazilərimizin igidliyi və xalqımızın həmrəyliyi Azərbaycan dövlətinin möhkəmliyini göstərən örnək olacaq.

Tədbirdə vətənpərvərlik və milli birliyimizi təcəssüm etdirən videoçarx nümayiş olundu, sonda 8 Noyabr- “Zəfər Günü”nün 5-ci  ildönümü münasibəti ilə rayon ağsaqqalları adından ölkə başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə müraciət mətni oxunaraq qəbul edildi.

Keçidlər