"Zəfər günü" ilə əlaqədar silsilə tədbirlər keçirilir
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının, tarixi Qələbəmizin 6-cı ildönümü - 8 Noyabr Zəfər Günü münasibətilə Neftçala rayonunda silsilə tədbirlər uğurla davam edir.
Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin kino zalında Zəfər Gününə həsr olunmuş "Zəfərin beş anı" filminin nümayişi keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndələri, yeniyetmə və gənclər, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, qəhrəman Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaətdən bəhs ediblər. Qeyd olunub ki, Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazılmış, xalqımızın birliyinin və gücünün təntənəsinə çevrilmişdir.
Daha sonra iştirakçılara Vətən müharibəsinin şanlı səhifələrini, qələbəyə gedən yolu və qürur dolu anları əks etdirən "Zəfərin beş anı" filmi nümayiş olunub. Film izləyicilər tərəfindən böyük maraq və vətənpərvərlik ruhu ilə qarşılanıb.
Qeyd edək ki, bu kimi tədbirlər və maarifləndirici film nümayişlərinin təşkili gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərimizin və şanlı tarixi yaddaşımızın qorunub saxlanılmasında müstəsna əhəmiyyət kəsb edir.







