Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 32-ci ildönümü münasibətilə tədbir təşkil olunub
21 noyabr 2024 | 18:02
Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsinin 32-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və aparat işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiyanın veteran və fəal üzvləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, konstitusiya quruluşu uğurunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Partiya 32 ildir ki, ölkəmizin ictimai-siyasi həyatının lokomotivi rolunda çıxış edir: “Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Yeni Azərbaycan Partiyasının 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında Partiyanın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev seçildi. Bununla da, partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasını reallığa çevirdi.”
Daha sonra partiyanın veteran üzvü Oqtay Kərimov, ərazi partiya təşkilatının sədr müavini Samir Cəfərov, yeni partiya üzvləri adından isə Nazilə Əhmədli çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Prezident İlham Əliyevin partiyaya sədr seçilməsindən sonra isə YAP inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb, bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər partiyanın nüfuzunu daha da yüksəldib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyini vurğulayıb: “Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq Yeni Azərbaycan Partiyasının fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf etdi, regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 800 minə yaxın üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir”. RİH başçısı xüsusi qeyd edib ki, artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu reallıqlar bütün sahələrdə təkmil islahatların həyata keçirilməsini bir zərurət kimi qarşıya qoyurdu. Bu baxımdan Yeni Azərbaycan Partiyasının tarixi Zəfərimiz ruhunda keçirilən VII qurultayı yeni hədəflərin təqdimatı hesab oluna bilər. Diqqətə çatdırıldı ki, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi məhz ölkəmizin ictimai-siyasi həyatının əlamətdar hadisəsi olmaqla, partiya fəaliyyətinin inkişafının həm forma, həm də məzmun etibarilə yeni mərhələsinə qədəm qoyması kimi qiymətləndirmək olar. Partiya strukturunda yeni, mütərəqqi islahatların aparılması, Partiya sədrinin Birinci müavini vəzifəsinin təsis edilməsi və bu posta Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanımın seçilməsi isə onun ölkəmizin, eləcə də Yeni Azərbaycan Partiyasının inkişafındakı müstəsna xidmətlərinin bariz nümunəsidir. Həmin qurultayda dövlət başçısı, YAP Sədri İlham Əliyevin “Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə bütün proseslərin mərkəzində olacaq” çağırışı qarşıdakı dövrün aydın mənzərəsini nümayiş etdirir.
Tədbirdə, həmçinin, Yeni Azərbaycan Partyiyasının 32 illik fəaliyyət xronikasını özündə əks etdirən videoçarx nümayiş olunub.
Sonda Neftçala Rayon İcra Hakimiyyəti və YAP Neftçala rayon təşkilatı tərəfindən bir qrup şəxs “Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə” Fəxri Fərmanla təltif olunub. Partiyaya yeni qəbul edilən üzvlərə vəsiqələr təqdim olunub.