Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının yaradılmasının 33-cü ildönümü qeyd olunub
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH-in məsul şəxsləri, partiya təşkilatının əməkdaşları, şəhid ailə üzvləri, veteran partiya üzvləri və ərazi partiya təşkilatlarının rəhbərləri iştirak edib.
İlk öncə tədbir iştirakçıları tərəfindən Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəli ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb və Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının qərargahında təşkil olunan görüşdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və vəfat edən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev görüş iştirakçılarını salamlayaraq, partiyanın rayon təşkilatının yaradılması münasibətilə onları təbrik edib və uğurlar arzulayıb. O, qeyd edib ki, dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası xalqın istəyi və Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə tarixinin ən ağır və keşməkeşli günlərində yaradılmış və ciddi sınaqlardan uğurla çıxaraq bu günümzədək şərəfli bir yol keçmiş və zəmanəmizin ən mütəşəkkil və möhtəşəm siyasi təşkilatlarından birinə çevrilmişdir. Ulu Öndər irsini yaşadan bu partiya sıralarında birləşdirdiyi minlərlə insan tərəfindən ölkəmizin siyasi həyatında partiyanın aparıcı mövqeyi daha da möhkəmləndirilmiş, bu istiqamətdə partiyanın rayon təşkilatı da öz layiqli töhfələrini vermişdir. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bundan sonra da öz fəaliyyətində dahi şəxsiyyət Heydər Əliyevin ideya və arzularını yaşadacaqdır.
Veteran partiya üzvləri Salman Həziyev, Valeh Tağıyev, Süsən Əliyeva, Əşrəf Əsədov, Sakit Nağıyev, Elşad Əzizov, Bədirə Niftalıyeva YAP Neftçala rayon təşkilatının təsis edilməsinin tarixindən bəhs edərək, qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin yeganə əsas səbəbi xalqın partiyanın rəhbərinə olan sevgisi və inamı idi və tarix bir daha göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz uğurlu gələcəyini təmin etdi.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək, bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən biridir. Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması dövrünə və keçdiyi şərəfli yola nəzər saldıqda onun hansı zərurətdən meydana çıxmasının şahidi olarıq. Bu illər ərzində ölkəmizin müstəqilliyinin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, davamlı və dinamik inkişafa nail olmaqla ölkəmizin bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının apardığı uğurlu siyasi xətt ilə bağlıdır.
"İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm." Ulu Öndərin tarixi müraciətində söylədiyi bu fikirlərin həyat keçməsi onun bir daha uzaqgörən dahi şəxsiyyət olduğunu göstərdi. Azərbaycan xalqının dəstəyini qazanan ölkə başçısı cənab İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə xoşbəxt gələcəyə apardığını sübut etdi. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin düşünülmüş və müdrik xarici və daxili siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurların zirvəsində isə 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə, torpaqlarımızın işğaldan azad edilməsi dayanır.
Qeyd olunub ki, partiyanın VII qurultayında Mehriban xanım Əliyevanın YAP-ın sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mühüm amillərdən biridir.
Sonda rayon ərazisində uğurla həyata keçrilən dövlət siyasəti nəticəsində icra olunan layihələrdən, nəzərdə tutulan tədbirlərdən bəhs edən RİH-nin başçısı Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının yaradılması münasibətilə tədbir iştirakçılarını, partiya üzvlərini və əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda yubiley yaşını qeyd edən bir qrup veteran partiya üzvlərinə YAP Neftçala rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.







