Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı” layihəsi çərçivəsində iqlim riskləri üzrə ilk təlim keçirilib

11 avqust 2026 | 15:59

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və BP Azərbaycanın maliyyə yardımı ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl maliyyə və iqlim risklərinin idarəedilməsi üzrə peşəkar inkişaf proqramı” layihəsi çərçivəsində təlimlərə başlanılıb.

“İqlim risklərinə giriş, proqramın təqdimatı, lokal kontekst” mövzusunda keçirilən təlimdə Neftçala RİH başçısı aparıtının aparıcı məsləhətçi Esmira Məmmədzadə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Günay Şahbazova, ekoloq, hidroloq və iqlim dəyişiklikləri üzrə mütəxəssis Amin Məmmədov, layihə rəhbəri və layihənin işçi qrupu,  eləcə də 31 nəfər iştirakçı - mühasib və digər sahələr üzrə mütəxəssis iştirak edib.

Təlimin əsas məqsədi iştirakçıların iqlim dəyişiklikləri və iqlim riskləri barədə ilkin biliklərinin artırılması, iqlim risklərinin yerli səviyyədə yaratdığı təsirlərin müzakirəsi və onların idarə olunmasına dair praktiki yanaşmaların təqdim edilməsi olub.

Təlim ekoloq, hidroloq və iqlim dəyişiklikləri üzrə mütəxəssis Amin Məmmədov tərəfindən keçirilib. Təlim zamanı iqlim dəyişiklikləri və iqlim riskləri, onların yerli sosial-iqtisadi fəaliyyətə mümkün təsirləri, risklərin vaxtında müəyyənləşdirilməsi və idarə olunmasının əhəmiyyəti barədə məlumat verilib.

Təlim çərçivəsində, həmçinin layihənin məqsəd və vəzifələri, qarşıdakı fəaliyyət istiqamətləri və iştirakçılar üçün nəzərdə tutulan təlim proqramı təqdim olunub. Neftçala rayonunun lokal xüsusiyyətləri, iqlim risklərinə həssaslığı və yerli səviyyədə mövcud imkanlar iştirakçılarla müzakirə edilib. Layihə çərçivəsində növbəti mərhələlərdə iqlim risklərinin qiymətləndirilməsi, yaşıl maliyyə və ESG yanaşmaları, yerli tətbiq modelləri və praktiki alətlər üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Layihənin növbəti mərhələləri çərçivəsində təlimlər davam etdiriləcəkdir.

Keçidlər