“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və alternativ su mənbələrinin yaradılması ilə əlaqədar tədbir keçirilib
“Azərbaycan Respublikasında 2024-cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 20 fevral 2024-cü il tarixli 24 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər Planı” nın 4.4.-cü bəndinin icrası ilə bağlı, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi mövzusunda Neftçala Rayon İcra Hakimiyyətində geniş tərkibdə tədbir keçirildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayevin rəhbərliyi ilə keçirilən tədbirdə iştirak edən, Neftçala rayon Suvarma Sistemləri idarəsinin, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Rayon Statistika idarəsinin rəhbərləri və məsul şəxsləri, xam pambıq tədarük edən pambıq şirkətlərindən, “MKT Istehsalat Kommersiya” MMC-nin, "P-AGRO" MMC-nin, "Aztəsərrüfat" MMC-nin yerli nümayəndələri, Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon ərazisində xidmət göstərən Sudan İstifadəedənlər Birliklərinin rəhbərləri və digər cavabdeh məsul şəxslər, rayon ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, alternativ su mənbələrinin yaradılması, suya olan tələbatın ödənilməsi, rayonun yaşayış məntəqələri üzrə müəyyən edilmiş suvarma su rejiminə riayət olunması, suvarma suyunun əkin sahələrinə ədalətli bölünməsi, növbəlik prinsipinə əsasən verilməsi, su israfçılığının qarşısının alınması, suvarma qrafiklərinə uyğun su ilə təminatının həyata keçirilməsi istiqamətində bır sıra məsələlərə toxunaraq fikir və təkliflərini səsləndirdilər. Eyni zamanda, rayon üzrə 2024-cü ilin məhsulu üçün əkilməsi planlaşdırılan 38158 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan illik 401,7 min m3 suyun təyinatı üzrə istifadə vəziyyəti, o cümlədən, taxıl, pambıq, yem bitkiləri suvarılmasında mövcud vəziyyət, fermerlərlə Sudan İstifadəedənlər Birlikləri arasında sudan istifadə ilə bağlı su müqaviləsinin bağlaması, pambıq sahələrinə arat, taxıl sahələrinə vegetasiya suyunun verilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı, səsləndirilən təklif və iradlar nəzarətə götürüldü. Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində zəruri addımların atılması, aidiyyəti təşkilatlar, cavabdeh şəxslər tərəfindən bu sahədə birgə əlaqəli işin aparılması, fermerlərin müraciətlərinə vaxtında adekvat cavab verilməsi istiqamətdə müvafiq tövsiyələr, tədbir iştirakçılarının nəzərinə çatdırıldı.