”XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir
01 iyul 2022 | 09:54
30 iyun 2022-ci il tarixində Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbində yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə müəllifi olduqları ”XXI əsrin Qarabağnaməsi” adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Təqdimatda Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Parlamentinin deputatı Sabir Rüstəmxanlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və tədbirə dəvət olunmuş qonaqlar iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himnimiz səsləndirilib.
”XXI əsrin Qarabağnaməsi” adlı kitabda otuz ildən artıq müddətdə davam etmiş Qarabağ münaqişəsi, yaddaşlardan tarixə köçən gerçəkliklər, ictimai-siyasi və tarixi hadisələr, torpaqlarımızı azad etmək üçün həyata keçirdiyimiz qısamüddətli labüd hərbi əməliyyatlar: Aprel və Tovuz döyüşlərinin əfsanəvi qəhrəmanları, Vətən müharibəsinin başlanma səbəbləri, gedişatı və nəticəsi, xalq və milli birliyimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qələbəsi, qəhrəman şəhidlərimiz haqqında qiymətli yazılar, fikir və düşüncələr qələmə alınmış, şeirlər, faktlar və materiallar toplanmışdır. Çıxış edən natiqlər qeyrətli Vətən oğullarımızın qəhrəmanlıq salnaməsindən, tariximizin, ədəbiyyatımızın geniş mövzusu olan Qarabağ müharibəsindən, yazıçı-publisist Əlövsət Polad və yazar Ələkbər Zahidovun birgə ərsəyə gətirdikləri ”XXI əsrin Qarabağnaməsi” kitabının bu mövzudakı əhəmiyyətindən danışıblar.
Azərbaycan Respublikası Parlamentinin deputatı Sabir Rüstəmxanlı öz çıxışında adı çəkilən əsərin meydana gəlməsində iki dəyərli ziyalının güc birliyindən danışıb, onların düşüncə və fikirlərinin, zəhmət və əməyinin nəticəsində yaranan ”XXI əsrin Qarabağnaməsi” kitabına görə müəllifləri və rayon ictimaiyyətini Azərbaycan xalqının Qarabağ uğrunda dönməz mübarizəsini və qəhrəmanlıq salnaməsini əbədiləşdirən yeni bir kitabın nəşrinə görə təbrik edib.
Tədbirdə çıxış edən Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qarabağ uğrunda erməni işğalçılarına qarşı mübarizədə misilsiz qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Neftçala rayonunun qəhrəman övladlarından və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməyə xidmət edən ”XXI əsrin Qarabağnaməsi” kitabının əhəmiyyətindən danışıb, sonda müəlliflərə gələcək yaradıcılıqlarında uğurlar arzu edib.
Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri şəhidlərlə bağlı xatirələrini bölüşüb, kitabın həmmüəlliflərinə, tədbirin təkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürlərini bildiriblər.