Xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş FHN-nin əməkdaşı Hakim Piriyevin yas mərasimində rayon rəhbərliyi iştirak edib
Fevral ayının 21-də Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan nəqliyyat vasitəsinin vurması nəticəsində həlak olmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni, daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyevin Neftçala rayonunun Şorkənd kəndində keçirilən yas mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri mərasimdə mərhumun doğmalarına və yaxınlarına baş vermiş hadisədən kədərləndiyini bildirib, mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.
Qeyd edək ki, Hakim Piriyev fövqəladə hallar orqanlarında uzun illər xidmət göstərmiş, fəaliyyəti dövründə məsuliyyətli, intizamlı və peşəkar əməkdaş kimi tanınmış, iştirak etdiyi yanğınsöndürmə əməliyyatlarında üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Allah rəhmət eləsin.







