Voleybol üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub
Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr “Zəfər Günü"nün 5-ci ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatların komandaları arasında voleybol idman növü üzrə rayon turnirinin final mərhələsi və mükafatlandırma mərasimi olub.
Mükafatlandırma mərasimində Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və adı çəkilən qurumların digər əməkdaşları, eyni zamanda finala vəsiqə qazanan voleybol komandaları iştirak edib.
Final mərhələsində Neftçala Peşə Məktəbinin “Liderlər” komandası və Neftçala rayon təhsil sektorunun “Qarabağ” komandası qarşılaşıb, “Liderlər” komandası I (birinci) , “Qarabağ” komandası isə II (ikinci) yerin qalibi olub.
III yer uğrunda Neftçala Rayon İcra Hakimiyyətinin “Zəfər” və Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının “Qələbə” komandaları mübarizə aparıb və “Qələbə” komandası III (üçüncü) yerdə qərarlaşa bilib.
Sonda qalib komandaların üzvləri Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq yerlərə uyğun olaraq diplom, medal və kuboklarla təltif edilib.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.







