Vətən Müharibəsi şəhidi, baş leytenant Xalid Orucovun doğum günü qeyd olunub
7 avqust 2025-ci il tarixdə Neftçala rayonunun Aşağı Surra kəndində Vətən Müharibəsi şəhidi, baş leytenant Xalid Orucovun anadan olmasının 28-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının,hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, rayon ağsaqqalları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə şəhid Xalid Orucovun məzarı ziyarət olunub, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şəhidin ailəsinin yaşadığı rayonun Aşağı Surra kəndində davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov tədbirdə çıxış edərək bildirib ki, Vətən müharibəsində qazanılan Qələbə xalqımızın həmrəyliyi, ordumuzun gücü və vətənpərvər oğullarımızın fədakarlığı sayəsində mümkün oldu. Bu zəfərdə Xalid Orucov kimi igid zabitlərimizin rolu əvəzsizdir. Xalid öz şücaəti, əqidəsi və vətən sevgisi ilə bir gəncin nə qədər böyük tarix yaza biləcəyini sübut etdi.
Qeyd olunub ki, Azərbaycan dövləti hər zaman şəhidlərin ruhuna və onların ailələrinə yüksək ehtiramla yanaşır. Məhz ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bu gün genişmiqyaslı quruculuq işləri aparılır. Bu işlərin əsasında şəhidlərimizin canı və qanı bahasına əldə olunmuş qələbə dayanır. Xalqımız şəhidlərimizin xatirəsini daim uca tutur. Onların qəhrəmanlıq nümunəsi isə gənc nəsillər üçün əsl vətənpərvərlik örnəyidir. Bu mənada Xalid Orucovun da adı yaşadıqca Azərbaycan xalqının qüruru olaraq qalacaqdır.
Tədbirdə şəhid Xalid Orucovun atası Saleh Orucov, şəhidin bacısı Sevinc Orucova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid Şahlar Məmmədovun anası Əzizə Məmmədova və digər natiqlər çıxış edərək şanlı hərb qələbəmizdən, dövlət, xalq, ordu birliyindən söz açaraq, şəhid Xalid Orucovun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinə görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə həmçinin məktəblilər tərəfindən hazırlanan bədii-kompozisiyalar dinlənilib, Vətəni, vətənpərvərliyi vəsf edən və şəhidə həsr olunan şeir və musiqilər səsləndirilib, daha sonra şəhidin doğulub boya başa çatdığı evin qarşısındakı xatirə bulağına gül dəstələri düzülüb.
Mərasimdən sonra şəhidin ailəsinin yaşadığı evdə ehsan mərasimi təşkil olunub.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi baş leytenant Orucov Xalid Saleh oğlu 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “İgidliyə görə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və ən yüksək dövlət mükafatlarından biri olan “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni ilə təltif edilib.







