“Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda növbəti maarifləndirici görüş keçirilib
06 noyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Neftçala Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılıqları ilə şəhid ailə üzvləri və Vətən müharibəsi iştirakçıları ilə yeniyetmə və gənclər arasında “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı vətənpərvərlik mövzusunda silsilə maarifləndirici görüşlərdən olan növbəti tədbir Samid İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, yeniyetmə və gənclər, təhsil ictimaiyyəti iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər - Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, Samid İmanov adına Neftçala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Ülviyyə Abdullayeva, Milli Qəhrəman, şəhid Samid İmanovun atası Gülağa İmanov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun atası Vidadi İsmayılov, Vətən müharibəsi şəhidi Ayaz İmanzadənin atası Daşqın İmanov, Vətən müharibəsi şəhidi Əmrah Bayramovun atası Hüseyn Bayramov, tarix müəllimi Babək Məmmədov, hərbi hazırlıq müəllimi Cavid Babayev, qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yenilməzliyinin, dövlətimizin qüdrətinin və milli birliyimizin rəmzidir. Bu möhtəşəm Qələbə şəhidlərimizin canı, qazilərimizin igidliyi və xalqımızın sarsılmaz iradəsi hesabına qazanılıb.
Çıxışçılar gənclərin üzərinə düşən böyük məsuliyyətdən danışaraq qeyd ediblər ki, bu gün azad edilmiş torpaqlarda həyatın yenidən bərpası, dövlətimizin daha da güclənməsi və üçrəngli bayrağımızın daim zirvələrdə dalğalanması üçün hər bir gənc Vətənə sədaqətlə, məsuliyyət və fədakarlıqla xidmət etməlidir. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların döyüş yolunun gənc nəslə tanıdılmasının vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığı da xüsusi vurğulanıb.
Sonda məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş şeir və musiqi kompozisiyaları ilə çıxış ediblər.







