Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhəmanı İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

07 iyul 2022 | 15:02
07 iyul 2022-ci il tarixdə Neftçala rayonunda, Neftçala rayon İcra Hakimiyyətinin dəstəyi, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət məktəbinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış və ölümündən sonra “Vətən Müharibəsi Qəhəmanı” adına layiq görülən baş gizir İsmayılov Camal Vidadi oğlunun anadan olmasının 38-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Camal İsmayılovun ailə üzvləri və döyüş yoldaşları, şəhid valideynləri və müharibə iştirakçıları, o cümlədən, tədbirə qonaq gəlmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri ilk öncə Neftçala rayon Şəhidlər Xiyabanını ziyarət edib, xiyabanda dəfn olunan şəhidlərimizin o cümlədən Camal İsmayılovun məzarı üzərinə tər gül dəstələri düzüblər.
Şəhidlər Xiyabanı ziyarət edildikdən sonra tədbir iştirakçıları və rayonumuzun qonaqları Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə gələrək Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun yenicə hazırlanmış büstünün açılışında iştirak ediblər.
Büstün açılışı zamanı Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab Mirhəsən Seyidov geniş nitq söyləyərək Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsində qazandığı şanlı qələbədən, döyüşlər zamanı, şəhid və qazilərimizin, o cümlədən, Camal İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, həmçinin, nitqində bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti və şəxsən öz adından dərin təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən, Camal İsmayılovun anası Filara xanım İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun övladı Əsnad İsmayılova, Camal İsmayılovun döyüş yolundan bəhs edən “Hadrud Fatehi” kitabının müəllifi Elnur Abdiyev, şəhidin döyüş yoldaşları və onunla eyni taborda vuruşub şəhid olmuş döyüşçülərin valideynləri çıxış edərək öz şücaəti ilə tarix yazan Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov barəsində xoş xatirələrini bölüşmüş, bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Büstün açılışından sonra tədbir, Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin konsert zalında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci ilə, Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam etdirilmişdir. Tədbirin bədii hissəsi açıq elan edilməmişdən öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sükutdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsert proqramında Sumqayıt Musiqi Kollecinin xor və kamera orkestrinin və Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin birgə hazırladıqları kompozisiyalar nümayiş olunmuşdur.
Konsert proqramından sonra Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun əziz xatirəsinə hörmət əlaməti olaraq ailəsi tərəfindən ehsan süfrəsi təşkil olunub.
Keçidlər