"Reproduktiv sağlamlıq və uşaqların doğulanadək cins seçiminin qarşısının alınması" mövzusunda maarifləndirici tədbir keçirilib
11 iyun 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrup”unun təşkilatçılığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq Neftçala Rayon Mərkəzi Xəstəxanası PHŞ-də "Reproduktiv sağlamlıq və doğulanadək cins seçiminin qarşısının alınması" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirə başlamazdan öncə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Neftçala rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, monitorinq və əlaqələndirmə qrupunun katibi bildirdi ki, reproduktiv sağlamlıq, reproduktiv sistem, cinsi sağlamlıq və ümumi rifahla bağlı mövzuların geniş spektrini əhatə etməklə yanaşı, bura fərdlərin sosial və emosional halları da daxil edilir. Qeyd olundu ki, reproduktiv sağlamlıq anlayışı altında fərdlərə cinsi və reproduktiv həyatları haqqında seçimlər etməyə imkan verən məlumat və xidmətlər toplanıb və bu xidmətlərə ailə planlanması, hamiləlik və yetkinlik dövrü, infeksion xəstəliklər və başqaları aiddir. Reproduktiv sağlamlıq fərdlərin sağlamlıq imkanlarına çıxışı olmaqla yanaşı, eyni zamanda sağlam ailənin planlaşdırılması və yaradılması da sağlam cəmiyyətin əsasının qoyulmasına verilən töhfədir.
Daha sonra cəmiyyət üçün aktual sayılan mövzu ətrafında çıxış edən Mərkəzi Xəstəxananın direktor müavini, baş həkim Zəminə Abbasova, Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Aynur Cəfərova, həkim-mama ginekoloq Şəfiqə Əsədova, Xəstəxananın psixoloqu Asiya Maqsudova reproduktiv sağlamlıq, reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı barədə və uşaqların doğulanadək cins seçiminin, həmçinin cinsi ayrıseçkiliyin yolverilməz olduğundan bəhs etdilər.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilaçılığı ilə hazırlanan videoçarx iştirakçılara nümayiş edildi və onları maraqlandıran suallar cavablandırıldı.







