“Uşaq hüquqlarının qorunması və uşaqların sağlam qidalanması” adlı maarifləndirici görüş keçirilib
Neftçala Rayonu İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyada “Uşaq hüquqlarının qorunması və uşaqların sağlam qidalanması” adlı maarifləndirici görüş keçirilib.
Maarifləndirici görüşdə Neftçala Rayoun İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndəsi, müəllimlər, tibb işçiləri, valideynlər və şagirdlər iştirak edib.
Çıxış edənlər uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birgə təyinində istifadə edilən universal anlayışdır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənədin 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına 189 ölkənin qoşulduğu və Azərbaycan Respublikasının da Konvensiyanı 1992-ci ildə ratifikasiya etmiş olduğu barədə iştirakçılara məlumat verilib. Maarifləndirici görüş zamanı çıxışçılar tərəfindən balanslaşdırılan qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyəti, valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyi diqqətə çatdırılıb və bildirilib ki, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanma zəruridir.
Tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.