“Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Neftçala rayonunda, Neftçala Olimpiya İdman Kompleksində “Uşaqdan-uşağa” layihəsi çərçivəsində 2 may 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İl”i çərçivəsində “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib.
Təlimdə Uşaq Səfirlər Məclisinin Şirvan şəhəri, Neftçala, Hacıqabul, Salyan, Biləsuvar, Cəbrayıl rayonları üzrə regional nümayəndələri və fəalları iştirak edib.
İlk öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməli vacib məqamlardandır və uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov bu kimi layihələrə qeyri-hökümət təşkilatlarının da cəlb edilməsini dəstəklədiyini, belə maarifləndirici layihələrin uşaqların inkişafında böyük rolu olduğunu qeyd edərək, uşaqlara uğurlar arzulayıb və onları fəal iştiraka dəvət edib.
Daha sonra “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Müslüm Məmmədov çıxış edərək təşkilat haqqında iştirakçılara məlumat verib. Uşaqların cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməsini təmin etməyi əsas məqsədi kimi müəyyən edən Platformanın günün tələblərinə cavab verən və uşaqların fərdi inkişafına töhfə olan müasir mühiti formalaşdıracağını bildirib.
Uşaq Səfirlər Məclisinin üzvü Ömər Eyvazlı və Dəniz Hüseynli internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməklə fərdi məlumatların qorunması qaydalarını iştirakçılara çatdırıb. Məclis üzvləri Meliha Qurbanova və Murad Qasımov uşaqların hüquqları və onların müdafiəsi ilə bağlı mexanizmləri əhatə edən təlim keçiblər. Onlar uşaqların inkişafında rol oynayan ailə və cəmiyyət faktorlarından söz açaraq bildiriblər ki, uşaqlar öz üzərində işləməyi və təsiretmə bacarıqlarını formalaşdırmalıdır.
İnteraktiv şəkildə davam edən təlimdə iştirakçılar komandalar quraraq, uşaq inkişafı və internet təhlükəsizliyinə dair öyrəndikləri bilikləri intellektual oyun vasitəsilə daha da möhkəmləndiriblər. Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub.
Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatla təltif olunub.
Qeyd edək ki, tədbirdə Neftçala rayonu üzrə Uşaq Səfirlər Məclisinin 2 nümayəndəsi və eyni zamanda 18 fəal şagirdi iştirak edib.