Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Neftçala rayon ümumtəhsil məktəb komandaları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu formatında müsabiqə keçirilib
06 may 2026-cı il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumtəhsil məktəb komandaları arasında "Nə? Harada? Nə zaman?" intellektual oyunu formatında müsabiqə keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Esmira Məmmədzadə, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun müdiri Araz Əhmədov, aidiyyəti qurumların nümayəndələri, şagirdlər iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının konstitusiya quruluşu, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən rəsmilər Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda gənclər siyasətinin əsasını qoyduğunu, gənclərin savadlı və vətənpərvər ruhda yetişməsinə daim böyük önəm verdiyini bildiriblər. Qeyd olunub ki, bu kimi intellektual yarışların keçirilməsi şagirdlərin elmə, təhsilə və mütaliəyə marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Yarış iştirakçılarına öz bilik və bacarıqlarını layiqincə nümayiş etdirmələri arzulanıb.
Ümumilikdə 54 nəfər şagirddən ibarət 9 komandanın iştirak etdiyi müsabiqə iki tur üzrə təşkil olunub. Hər turda iştirakçılara ümumi bilik və dünyagörüşünü əhatə edən 12 olmaqla, ümumilikdə 24 sual təqdim edilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda Bankə qəsəbə Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Turan” komandası I yerə, Neftçala şəhər Elton Həbibov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin “Xarı bülbül” komandası II yerə, Neftçala şəhər Samid İmanov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “İstiqlal” komandası isə III yerə layiq görülüb.
Qalib komandalar Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilmiş diplom və medallarla təltif olunublar.
Sonda iştirakçılara təşəkkür edilib, qaliblər təbrik olunaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.







