Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişi geniş formatda qeyd olunub
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə əlaqədar olaraq "14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün" mövzusunda dəyirmi masa ətrafında görüşlər keçirilib.
Görüşlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüş iştirakçıları tərəfindən Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılan əzəmətli heykəli ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad edilib və Ulu Öndər Heydər Əliyevin həyat, fəaliyyətini əks etdirən guşəyə baxış keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Dəyirmi masalarda keçirilən görüşlər zamanı XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikamızın iqtisadi göstəricilərinə görə ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardı. 1969-1982-ci illərdə Azərbaycanda ən qabaqcıl texnologiya istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi və s. nailiyyətləri göstərmək olar ki, həmin illərdə Ulu Öndər Heydər Əliyevin atdığı hər addımda Azərbaycanın gələcəyini düşünməsinin şahidi oluruq. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfərin əldə olunmasında aparıcı mövqeyə malik olması haqqında görüş iştirakçılarını məlumatlandırıblar.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə, parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanıb, ən böyük dəstəyi xalqdan alıb. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Belə tarixi nəaliyyətlər Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olunması ilə özünün pik nöqtəsinə çatıb. Bu gün əminliklə deyə bilərik ki, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.
Dəyirmi masa ətrafındakı görüşlər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişilə davam edib.