Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar “Musiqimiz kimliyimizdir!” adlı tədbir keçirilib
07 may 2025 | 15:11
Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar “Musiqimiz kimliyimizdir!” adlı tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümü ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə adı qeyd olunan məktəbdə “Musiqimiz kimliyimizdir!” adlı tədbir keçirilib.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Esmira Məmmədzadə, Uşaq İncəsənət Məktəbinin rəhbərliyi, müəllim kollektivi, şagirdlər, valideynlər iştirak edib.
Öncə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışçılar Ulu Öndərin siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizdə aparılan islahatlardan, dahi şəxsiyyətin bütün sahələrə olduğu kimi, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə, eləcə də uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib, eyni zamanda tədbirdə çıxış edən şagirdlərə və onların müəllimlərinə xoş arzularını bildiriblər.
Daha sonra Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında Azərbaycan milli musiqisinin banisi Üzeyir Hacıbəyovun və digər dahi bəstəkarların musiqi əsərləri və müxtəlif kompozisiyalar nümayiş olunub.