S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə əsasən Neftçala Rayon İcra Hakimiyyəti və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə S.Vurğun adına Bankə qəsəbə 2 saylı tam orta ümumtəhsil məktəbində valideynlər üçün maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şaiq Məmmədov, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Neftçala Rayon Gənclər və İdman Sektorunun müdiri Araz Əhmədov və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lamiyəxanım Musayeva çıxış edərək, narkotik asılılığı problemində ailələrin rolu, valideyn məsuliyyəti və bu sahə üzrə məlumatlılığın artırılmasının əhəmiyyəti, habelə narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri və yaratdığı ağır fəsadlar barədə ətraflı məlumat veriblər. Tədbirdə həmçinin Neftçala Rayon İcra Hakimiyyətinin və Rayon Polis şöbəsinin məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində, həmçinin rayon ərazisində maarifləndirici aksiya keçirilib. Belə ki, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça, həmçinin “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar Neftçala Peşə Məktəbi PHŞ-nin könüllüləri tərəfindən vətəndaşlara paylanılıb. Könüllülər rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlərində internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellekt əsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilmiş, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzi təbliğ edilib.







