Şəhid Rövşən Ağamalıyevin şəhid olmasının 30-cu il dönümü qeyd olunub
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, din xadimləri, qazilər, ictimaiyyət nümayəndələri və ağsaqqallar iştirak edib.
Tədbir iştirakçıları tərəfindən şəhid Rövşən Ağamalıyevin adına olan bulaq ziyarət olunub, önünə gül dəstələri düzülüb ruhuna dualar oxunub.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni səslənib.
Şəhidin ailə üzvləri və qonaqlar şəhid Rövşən Ağamalıyevin döyüş yolundan, igidliyindən danışıblar. Ağamalıyev Rövşən Baloğlan oğlu 7 sentyabr 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Bankə qəsəbə 1 saylı tam orta məktəbi bitirib. Ağdamın Mərzili, İsmayılbəyli, Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərib və 23 iyul 1993-cü ildə Ağdam rayonunun Atçılıq savxosunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə Ağamalıyev Rövşən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub. Şəhidin medalı Ulu Öndər Heydər Əliyev tərəfindən şəhidin atası Baloğlan Ağamalıyevə təqdim olunub.
Mərasimdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışıb, Rövşən və onun kimi igid, qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıb. RİH-in başçısı şəhid ailələri və qazilərin hər zaman Prezident cənab İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını diqqətə çatdırıb. Neftçala rayonunda da şəhid ailələri, qaziləər hər zaman diqqət və qayğı göstərilməsi işinin yüksək təşkil olunması qeyd olunub.
Şəhid Rövşən Ağamalıyevin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə ediblər. Buna görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbir şəhidin adına təşkil olunan ehsan süfrəsi ilə davam edib.