8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərlərinə səfərləri təşkil edilib
“Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və onun üzv təşkilatlarının təşəbbüsü ilə şəhid ailələrinin azad edilmiş ərazilərə ziyarət səfərləri təşkil edilib.
Səfər çərçivəsində Neftçala, Şirvan, Hacıqabul və Salyan rayon Həmkarlar İttifaqı Şuralarının üzvləri və şəhid ailələri Şuşa və Xankəndi şəhərlərini ziyarət ediblər. Səfər iştirakçıları müqəddəs şəhidlərimizin xatirəsini dərin hörmət və minnətdarlıqla anıb, işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa-quruculuq işləri ilə tanış olublar.
Qeyd edək ki, ziyarətdə Neftçala rayonundan 8 şəhid ailəsinin üzvü iştirak edib. Onlar bu səfəri unudulmaz və qürurverici hadisə kimi dəyərləndiriblər.
Bu humanist təşəbbüs Zəfər ruhunun yaşadılması, şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi və xalqımızın milli birliyinin daha da möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardandır.







