Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində su ehtiyatlarından istifadəyə nəzarət, su qanunvericiliyinin tələbələrinə riayət olunması ilə əlaqədar seminar müşavirə keçirildi

12 mart 2026 | 18:30

Neftçala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 Saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində su ehtiyatlarından istifadəyə nəzarət, su qanunvericiliyinin tələbələrinə riayət olunması ilə əlaqədar geniş tərkibli seminar müşavirə keçirildi. “Su qanunvericiliyinin tələblərinə riayət edək! “ mövzusunda Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə keçirilən müşavirədə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinə, Bələdiyyə sədrlərinə, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan Regional bölməsinin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin, Sudan İstifadəedənlər Birliklərinin rəhbərinə, məsul şəxslərinə, fermerlər və sahibkarlara  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamında ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, həmçinin, ölkənin keyfiyyətli suya tələbatı, su ehtiyatlarının səmərəli idarə olunmasına dair dövlət siyasəti və qəbul edilmiş qərarlar, su resurslarından səmərəli istifadə etməklə suya olan tələbatın ödənilməsi kimi məsələlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin  həyata keçirilməsi barədə ətraflı məlumat verildi.

Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, Azərbaycanın meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısı ulu öndər Heydər Əliyevin “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərinə xitab edərək, su ehtiyatlarının səmərəli idarə olunmasına dair dövlət siyasətinin, su qanunvericiliyinin tələblərinə əməl olunmasının mahiyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti  Xidmətinin 4 Saylı Şirvan-Salyan regional bölməsinin rəisi Ehtiram Muxtarov, fəaliyyət istiqamətləri üzrə qanunvericilikdə edilmiş müvafiq dəyişikliklərin tətbiqi, qarşıda duran vəzifələrin yerinə yetirilməsi, regional bölmələrin su qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində nəzarətin gücləndirilməsi və bu istiqamətdə bölmənin əhatə dairəsinə aid ərazilərdə zəruri monitorinqlərin keçirilməsi və nəticələri barədə geniş şəkildə məruzə etdi.

Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəisi Təbriz Eyyubov çıxış edərək, 2026-cı ilin məhsulu üçün əkilməsi planlaşdırılan 38158 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan illik 401,7 min m3 suyun həcminə uyğun olaraq əkin işlərinin nəzərdə tutulmasını o cümlədən, taxıl, pambıq, yem bitkilərinin suvarılmasında   fermerlərlə Sudan İstifadəedənlər Birlikləri arasında sudan istifadə ilə bağlı su müqaviləsinin bağlaması, pambıq sahələrinə arat, taxıl sahələrinə vegetasiya suyunun verilməsi ilə bağlı bu  ərazilərdə su qrafiklərinin təsdiq edilməsi və su qrafikinə uyğun suyun vaxtında verilməsi ilə əlaqədar əsas məqamlara toxunaraq müvafiq tövsiyələrini bildirdi.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Mafizad Cəfərov çıxış edərək, əkin sahələrinə verilən suya nəzarətin gücləndirilməsinə, suyun normaya uyğun sahələrə verilməsinə diqqət yetirilməsini, sahələrdə yaranan artıq suyun drenaj kollektor şəbəkəsinə axıdılmasını və nəticədə su itkisinin yaranmasını vurğulayaraq bu istiqamətdə zəruri tədbirlərin görülməsini xahiş etdi.

Seminar-müşavirədə qeyd olunan su ehtiyatlarından səmərəli istifadə edilməsi, su qanunvericiliyinin tələblərinə riayət olunması ilə bağlı yığıncaq iştirakçıların təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.

 

Keçidlər