“Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində abadlıq və yenidənqurma işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində regionlarda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bu istiqamətdə rayon ərazisində də şəhər mühitinin daha da yaxşılaşdırılması, sakinlərin istirahət imkanlarının artırılması və ictimai məkanların müasir tələblərə uyğun yenilənməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.
Aparılan tədbirlər çərçivəsində rayon sakinlərinin sevimli istirahət məkanlarından biri olan Hüseyn Cavid parkı ərazisində genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanılıb. Layihənin əsas məqsədi parkın infrastrukturunun müasirləşdirilməsi, estetik görünüşünün yaxşılaşdırılması və vətəndaşların asudə vaxtının səmərəli təşkili üçün daha əlverişli şəraitin yaradılmasıdır.
Yenidənqurma işləri çərçivəsində bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü minifutbol meydançası bərpa edilib, uşaqların əyləncəsi və təhlükəsiz istirahəti üçün müasir standartlara cavab verən yeni uşaq atraksionları quraşdırılıb, rezin örtüklər döşənib,parkın mövcud işıqlandırma sistemi tamamilə yenilənərək müasir və enerjiyə qənaət edən işıqlandırma qurğuları ilə əvəz olunub, hasarın fasad örtüyü yenidən bərpa olunub. Bu tədbirlər parkın axşam saatlarında daha rahat və təhlükəsiz istifadəsinə imkan yaradır.
Bundan əlavə, park ərazisində bardürlər, keramik pilitələr yenisi ilə əvəz olunur, sakinlərin rahat istirahəti üçün yeni oturacaqlar quraşdırılır, piyada yollarında və yaşıllıq sahələrində abadlıq işləri həyata keçirilir, zibil qutuları yerləşdirilir, mövcud infrastruktur elementləri bərpa olunur. Aparılan abadlıq tədbirləri parkın ümumi görünüşünün daha müasir və estetik olmasına, eyni zamanda sakinlərin və qonaqların rahatlığının təmin edilməsinə xidmət edir.
Rayon ərazisində həyata keçirilən yenidənqurma və abadlıq işləri rayonun sosial infrastrukturunun inkişafı, ictimai məkanların müasirləşdirilməsi və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərin tərkib hissəsidir.
Hazırda Hüseyn Cavid parkı ərazisində aparılan işlər plan üzrə davam etdirilir. Layihənin yaxın vaxtlarda başa çatdırılması və parkın yenilənən görünüşdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Rayon ərazisində abadlıq-quruculuq tədbirləri bundan sonra da davam etdiriləcəkdir. Şəhər mühitinin daha da müasirləşdirilməsi və sakinlərin rahatlığı istiqamətində yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.







