“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçalanın Xıllı qəsəbəsində abadlıq və yenidənqurma işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi, Neftçala rayonunda da abadlıq-quruculuq və yenidənqurma işləri ardıcıl şəkildə həyata keçirilir.
Rayonun qəsəbə və kəndlərində ictimai məkanların müasir tələblərə uyğun yenilənməsi, sakinlərin istirahət imkanlarının genişləndirilməsi və yaşayış mühitinin daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr çərçivəsində Xıllı qəsəbəsində genişmiqyaslı abadlıq işlərinə başlanılıb.
Görülən işlər çərçivəsində Xıllı qəsəbəsində sakinlərin sevimli istirahət məkanlarından biri olan park yenidən qurulub və abadlaşdırılıb. Park ərazisində 200 kvadratmetr sahədə abadlıq və quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müasir attraksionlar, sağlam həyat tərzinin təşviqi məqsədilə isə müxtəlif idman qurğuları quraşdırılıb.
Bununla yanaşı, qəsəbənin daxili yollarında mövcud işıqlandırma sistemi tamamilə yenilənərək müasir, enerjiyə qənaət edən LED işıqlandırma qurğuları ilə əvəz edilib. Həyata keçirilən tədbirlər qəsəbənin estetik görünüşünün yaxşılaşdırılmasına, gecə saatlarında təhlükəsizliyin artırılmasına və sakinlərin daha rahat şəraitdə istirahət etməsinə xidmət edir.
Reallaşdırılan abadlıq və yenidənqurma işləri Neftçala rayonunda sosial infrastrukturun inkişafı, ictimai məkanların müasirləşdirilməsi və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərin mühüm tərkib hissəsidir.
Neftçala rayonunda abadlıq-quruculuq tədbirlərinin növbəti mərhələlərdə də davam etdirilməsi, yaşayış məntəqələrinin simasının daha da müasirləşdirilməsi və sakinlərin rifahının yüksəldilməsinə xidmət edən yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.







