“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonunda 20 Yanvar abidə kompleksi əsaslı şəkildə yenidən qurulub
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Neftçala rayonunda abadlıq-quruculuq və yenidənqurma işləri ardıcıl şəkildə davam etdirilir. Həyata keçirilən layihələr çərçivəsində rayon ərazisində yerləşən tarixi və memorial məkanların qorunması, müasir tələblərə uyğun yenilənməsi və gələcək nəsillərə layiqli şəkildə çatdırılması istiqamətində də mühüm tədbirlər görülür.
Bu istiqamətdə həyata keçirilən işlər nəticəsində Neftçala rayonunda 20 Yanvar şəhidlərinin əziz xatirəsinə ucaldılmış xatirə abidə kompleksi əsaslı şəkildə yenidən qurulub və abadlaşdırılıb.
Yenidənqurma işləri çərçivəsində 1990-cı il 25 yanvar tarixində Neftçala hadisələri zamanı şəhidlik zirvəsinə ucalmış Nurəddin Ağahüseynovun, Əbülfəz Cəfərovun və Şəmsəddin Orucovun barelyefləri yenilənərək müasir görkəmdə bərpa edilib. Kompleksin ərazisində yeni işıqlandırma sistemi qurulub, müasir işıq dirəkləri quraşdırılıb, köhnə oturacaqlar yeniləri ilə əvəz olunub. Eyni zamanda abidə kompleksinin hasarı əsaslı şəkildə yenilənib, əraziyə yeni bordür və tamet döşənib, kompleks qara mərmərlə üzlənərək daha estetik və müasir görkəm alıb.Həyata keçirilən yenidənqurma işləri memorial kompleksin memarlıq simasının daha da zənginləşdirilməsinə, ziyarətçilər üçün rahat və səliqəli mühitin yaradılmasına, eyni zamanda 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yüksək ehtiramla yaşadılmasına xidmət edir.
Neftçala rayonunda həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri sosial infrastrukturun inkişafı, ictimai məkanların müasirləşdirilməsi və milli-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində görülən ardıcıl işlərin tərkib hissəsidir. Rayon ərazisində abadlıq-quruculuq layihələrinin gələcək mərhələlərdə də davam etdirilməsi, yaşayış məntəqələrinin və ictimai məkanların daha da müasirləşdirilməsi istiqamətində yeni layihələrin icrası nəzərdə tutulur.







