Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən rəsm və poster müsabiqəsinin qalibləri mükafatlandırılıb

13 mart 2026 | 18:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 dekabr 2025-ci il tarixli Sərəncama əsasən ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Neftçala Rayon Dövlət Rəsm Qalereyasının, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə  gənclər və idman sektorunun, həmçinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun, Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə “Gələcəyin şəhəri və tarixi binalar” mövzusunda gənclər və yeniyetmələr arasında rəsm və poster müsabiqəsi keçirilib.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, təhsil və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin müəllim və tələbələri, eləcə də gənclər və yeniyetmələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər – Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər  şöbəsinin  İctimai siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Səidə Rzayeva, Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin direktoru Tariyel Yaqubov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayonu üzrə nümayəndəsi Gülər Mirzəyeva ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərindən, müasir şəhərsalma prinsiplərinin tətbiqindən və tarixi memarlıq abidələrinin qorunmasının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli”nin elan olunması bu sahədə görülən işlərin daha da genişlənməsinə və gənclərin bu istiqamətdə maarifləndirilməsinə xidmət edir.

Müsabiqəyə təqdim olunan rəsm və posterlərdə iştirakçılar gələcəyin şəhərləri ilə bağlı baxışlarını, müasir memarlıq elementlərini və tarixi binaların qorunmasının vacibliyini yaradıcı şəkildə əks etdiriblər. 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə I, II və III yerlərin qalibləri müəyyən olunaraq diplomlarla təltif edilib, həmçinin fərqlənən iştirakçılara  təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin şəhərsalma və memarlıq sahəsinə marağının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda tarixi memarlıq nümunələrinin qorunması və gələcək şəhərlərin inkişafı ilə bağlı düşüncələrin təşviq edilməsidir.

Keçidlər