Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

16 aprel 2026 | 15:57

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun və Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin  şagirdləri, həmçinin Neftçala Peşə Məktəbi PHŞ-nin tələbələri  arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin, Neftçala Peşə Məktəbi Publik Hüquqi Şəxsinin,  Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə təhsil sektorunun məsul şəxsləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər müasir şəhərsalma prinsiplərinin tətbiqi, şəhərlərin estetik görünüşünün daha da yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji tarazlığın təmin olunması, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizəsinin vacibliyi barədə geniş məlumat veriblər. Bildirilib ki, şəhərsalma siyasəti yalnız yeni binaların tikintisi ilə məhdudlaşmır, eyni zamanda şəhər mühitinin rahatlığı, milli-mədəni irsin yaşadılması kimi mühüm məsələləri də əhatə edir.

Müsabiqədə iştirak edən şagirdlər inşa yazılarında gələcəyin şəhərləri ilə bağlı baxışlarını, innovativ memarlıq yanaşmalarını, ekoloji cəhətdən dayanıqlı şəhər modellərini və tarixi abidələrin qorunmasının əhəmiyyətini əks etdiriblər.

Münsiflər heyəti tərəfindən aparılan qiymətləndirmə nəticəsində müsabiqənin qalibləri müəyyən olunub. I, II və III yerlərin qalibləri diplomlarla təltif olunub, həmçinin bir nəfər iştirakçı həvəsləndirici yerə layiq görülərək mükafatlandırılıb.

Bu cür müsabiqələrin təşkili şagirdlərin dünyagörüşünün genişlənməsinə, onların yaradıcılıq potensialının üzə çıxarılmasına və milli irsə bağlılıq hissinin daha da möhkəmləndirilməsinə xidmət edir.

    

 

Keçidlər