“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Neftçala rayonunun Xıllı qəsəbəsində ətraf yaşayış məntəqələrinin, Aşağı Qaramanlı, Qədimkənd, Birinci Qaralı, Kürqarabucaq, Astanlı, Boyat, Ballıcallı, Dördlər kənd sakinlərinin, Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə, Aşağı Qaramanlı, Boyat kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, Xıllı, Aşağı Surra, Qədimkənd Bələdiyyə sədrlərinin, Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul şəxslərin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tətbiqi və dayanıqlı inkişaf prinsipləri” mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirdi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, Azərbaycanda şəhərsalma və memarlıq fəaliyyətinin əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri, Dövlət Şəhərsalma Normaları və Qaydaları, Ekoloji və Enerji Səmərəliliyi Normaları ilə tənzimlənməsi, müasir şəhərsalma siyasətində dayanıqlı
inkişafın əsas prinsipləri olan, Ekoloji Dayanıqlılıq (Yaşıl Artım), Su İdarəçiliyi, Polisentrik Şəhər Modeli və Kompaktlıq, Sosial Bərabərlik və İnklüzivlik, İqtisadi Səmərəlilik və Rəqəmsallaşma, Mədəni İrsin Qorunması barədə geniş məruzə edərək yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq və tikinti məsələləri sektoru, şöbə müdirinin müavini-sektor müdiri Dilavər Əliyev çıxışında, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları, 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək, tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək, qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verdi. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə və barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1., 395.1-2-ci bəndi ictimaiyyət nümayəndələrinə şərh edilmiş, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məsul şəxsi Faiq Kazımzadə çıxışında, ərazilərdə qanunsuz, özbaşına tikililərin aparılması və qarşısının alınması istiqamətində həyata keçirilən inzibati tədbirlər barədə ətraflı məlumat verərək, sakinlərin daşınmaz əmlak üzərində mülkiyyət hüququ olmadan qanunazidd əməllər törədərək tikinti işlərinin aparılmasına qarşı nəzarətinin gücləndirilməsini diqqətə çatdırdı.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







