“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Neftçala rayonunun Xıllı qəsəbəsində ictimaiyyət nümayəndələrinin, Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə, Boyat kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Xıllı Bələdiyyəsinin, Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu” mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənməsi barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq və tikinti məsələləri sektorunun böyük məsləhətçisi Fəridə Əhmədova çıxışında, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl olunmaqla bir pəncərə elektron tikinti portalı, portaldan qeydiyyatdan keçməklə sənədlərin portal üzərindən yerləşdirilməsi və Tikintilərin Dövlət Reyestrinə tikintiyə icazələrin verilməsi ilə əlaqədar zəruri məlumatların daxil edilməsi barədə ətraflı məlumat verərək fərdi yaşayış evlərinin, sahibkarlıq obyektlərinin tikintisi və sənədləşdirilməsi istiqamətində əsas məqamları yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək, qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verdi. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə və barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1., 395.1-2-ci bəndi ictimaiyyət nümayəndələrinə şərh edilmiş, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







