“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Neftçala rayonunun Həsənabad qəsəbəsində ictimaiyyət nümayəndələrinin, Rayon İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Həsənabad Bələdiyyə sədrinin, Rayon İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu” mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənməsi barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq və tikinti məsələləri sektorunun böyük məsləhətçisi Fəridə Əhmədova çıxışında, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl olunmaqla bir pəncərə elektron tikinti portalı, portaldan qeydiyyatdan keçməklə sənədlərin portal üzərindən yerləşdirilməsi və Tikintilərin Dövlət Reyestrinə tikintiyə icazələrin verilməsi ilə əlaqədar zəruri məlumatların daxil edilməsi barədə ətraflı məlumat verərək fərdi yaşayış evlərinin, sahibkarlıq obyektlərinin tikintisi və sənədləşdirilməsi istiqamətində əsas məqamları yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək, qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililərin olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verdi. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə və barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1., 395.1-2-ci bəndi ictimaiyyət nümayəndələrinə şərh edilmiş, qanunvericiliyin tələbləri ətraflı şəkildə izah olunmuşdur.
Həsənabad bələdiyyəsinin sədri Rauf Ələkbərov çıxış edərək , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 9.1.-ci hissəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməsi, bələdiyyə vergilərinin vaxtında ödənilməsi ilə bağlı ətraflı məlumat verərək bir sıra məqamlara toxundu.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







