“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ictimai maarifləndirmə tədbiri keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü və rəhbərliyi ilə Neftçala rayonunun Qaraqaşlı kəndində ictimaiyyət nümayəndələrinin, Rayon İcra Hakimiyyətinin məsul şəxslərin, iştirakı ilə “Şəhərsalma və Memarlıq sahəsində Qanunvericiliyin tələbləri və bələdiyyələrin rolu” mövzusunda növbəti ictimai maarifləndirici tədbir keçirdi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, müasir şəhərsalma siyasətində dayanıqlı inkişafın, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin maddələri ilə tənzimlənməsi barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verdi.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq və tikinti məsələləri sektoru, şöbə müdirinin müavini-sektor müdiri Dilavər Əliyev çıxışında, Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə verilməsinin ümumi qaydaları, 80-ci maddəsinə əsasən məlumatlandırma icraatı barədə qanunvericiliyin tələblərini izah edərək, tikinti norma və qaydalarına əməl edilməklə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi monitorinqlərin keçirilməsini diqqətə çatdırdı.
Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Nəsib Abbasov çıxış edərək, qanunsuz tikililərin Azərbaycan Respublikasında hüquqi tənzimləməyə uyğun olmayan, icazəsiz və normativləri pozan tikililər olması və bu tip tikililərin şəhərsalma qaydalarını pozmaqla, memarlıq estetikası və ətraf mühit üçün təhlükə yaratması barədə ətraflı məlumat verdi.
İctimai maarifləndirmə tədbirinin yekununda yığıncaq iştirakçıların təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparıldı.







