Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Ramazanlı və Xanməmmədli kəndlərinin sakinləri ilə səyyar görüş keçirib
Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qaçaqkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Ramazanlı və Xanməmmədli kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.
Çıxışçılar “Yeni Azərbaycan Partiyasının yaranması, Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaranması, Azərbaycanın siyasi tarixinin ən parlaq və mühüm səhifələrindən birini təşkil edir. Müstəqilliyini yenicə bərpa edən ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi şərait, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və milli inkişaf strategiyasının müəyyənləşdirilməsi zərurəti yeni bir siyasi təşkilatın formalaşmasını tələb etməsi və bu siyasi missiyanı Ulu Öndər Heydər Əliyev öz üzərinə götürərək Yeni Azərbaycan Partiyasını yaratması haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda geniş ictimai-siyasi qüvvələrin birliyi əsasında partiyanın yaradılması qərara alındı, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. YAP-ın yaranması ölkədə siyasi sabitliyin bərqərar olunmasına, dövlətçilik ideyalarının möhkəmləndirilməsinə və demokratik inkişaf yolunun müəyyən edilməsinə mühüm töhfə verdi. Partiya qısa müddət ərzində geniş təşkilati strukturlar formalaşdıraraq, ölkənin siyasi həyatında aparıcı rol oynamağa başladı.
Yeni Azərbaycan Partiyasının banisi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, müdrik siyasi uzaqgörənliyi, qətiyyətli iradəsi və xalqına sarsılmaz xidmət ruhu ilə partiyanın ideoloji əsaslarını formalaşdırdı, onun dövlətçilik maraqlarına xidmət edən güclü siyasi qüvvəyə çevrilməsini təmin etdi. Ulu Öndərin rəhbərliyi altında partiya qısa zamanda ölkədə sabitliyin bərpası, demokratik institutların qurulması və müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində əvəzsiz rol oynadı.
Bu gün Yeni Azərbaycan Partiyası, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz fəaliyyətini yeni inkişaf mərhələsinə yüksəldib. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar, dayanıqlı inkişaf strategiyası, modern dövlətçilik modelinin qurulması və ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması Yeni Azərbaycan Partiyasının möhkəm ideoloji, siyasi və təşkilati əsaslarının davamı olaraq böyük uğurlar gətirir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar, kənd ərazisində aptekin açılması, Nəriman Bəşirov adına Qaçaqkənd kənd tam orta məktəbinin yenidən təmir olunması, kənd ərazisindəki modul tipli su qurğularının yeni çəkilən su xəttinə birləşdirilməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







