“Pambıqçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda növbəti seminar-müşavirə keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Rayon Statistika idarəsinin, Neftçala Su Meliorasiya Sistemləri İstismarı idarəsinin rəhbərlərinin, Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, rayon ərazisində xam pambıq tədarük edən pambıq şirkətlərinin yerli nümayəndələrinin, pambıqçı fermerlərin, Sudan İstifadəedənlər Birliklərinin sədrlərinin iştirakı ilə “Pambıqçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda növbəti seminar-müşavirə keçirildi.
Seminar-müşavirə, “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2019-cu il tarixli 897 nömrəli Fərmanının 3.2.1.-cü maddəsinə əsasən, “kənd təsərrüfatı subyektlərinin qeydiyyatı” altsistemi vasitəsilə fermerlərin, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsinin təmin edilməsi ilə bağlı pambıqçı fermerlərin, xam pambıq tədarük edən pambıq şirkətlərinin yerli nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil olunmuşdur.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi irsinə əsaslanmış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən respublikamızda qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının strateji sahələrindən hesab olunan pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı qəbul etdiyi müdrik qərarlar, verdiyi tapşırıq və tövsiyələr sayəsində, ölkəmizdə pambıqçılığın sürətli inkişafına qısa müddətdə əlverişli şərait yaradıldığını, respublikamızda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsini, pambıqçılığın inkişafı ilə bağlı aparılan uğurlu siyasətin ölkəmizin bütün regionlarında olduğu kimi, Neftçala rayonunda da öz bəhrəsini verdiyini qeyd edərək bir sıra məqamları diqqətə çatdırdı.
Seminar-müşavirədə EKTİS üzərindən pambıq əkininin bəyan edilməsi ilə yanaşı torpaq sahəsinin xəritələrinin çəkilməsinin təmin olunması, su ehtiyatlarından səmərəli istifadə olunmaqla pambıq sahələrinə vegetasiya suyunun vaxtında verilməsi, rayonun su limitinin nəzərə alınaraq taxıl biçinindən sonra pambıq əkininin aparılması, fərdi qaydada pambıq əkini aparan fermerlərin maarifləndirilməsi, xam pambıq tədarük edən pambıq şirkətlərinin fermerlərlə bağlanmış pambıq müqaviləsinin şərtlərinə əməl olunması, sudan istifadə ilə bağlı müqavilə əsasında pambığın vegetasiya suyunun növbəlik prinsipinə əsasən təmin edilməsi mövzusunda geniş müzakirələr aparıldı, müvafiq təlimatlar, tövsiyələr verildi.
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən - direktor müavini Elsevər Əsədov çıxış edərək pambıq əkini həyata keçirən fermerlərin bəyan zamanı xəritələrin çəkilməsi zərurəti barədə (hüquqi və digər əsaslar), habelə xəritələrin çəkilməsi istiqamətində atılmış addımlar, xəritələrin çəkilməsi prosedura, xəritələrin çəkilməsi zamanı yarana biləcək texniki və ya digər çətinliklər, xəritələrin çəkilmədiyi halda məhsul subsidiyasının verilməsində yarana biləcək problemlər barədə pambıqçı fermerlərə ətraflı məlumat verdi.
Neftçala Su Meliorasiya Sistemləri İstismar İdarəsinin müdiri Təbriz Eyyubov, 2025-ci ildə rayon ərazisində xam pambıq tədarükü edən pambıq şirkətlərində, “Prime Cotton”, “P-Aqro”, “Azərpambıq ASK”, “Aztəsərrüfat” MMC-i ilə bağlanmış müqavilə əsasında 1415 fermerin becərdiyi 7116 hektar pambıq əkininin suvarma suyu ilə təmin olunmasından, fərdi qaydada becərilən pambıq sahələrinin su ilə təmin edilməsindən, o cümlədən, suvarma dövründə görülən işlərdən geniş söhbət açaraq bir sıra məsələləri diqqətə çatdırdı.
“P-Aqro” MMC-nin Neftçala rayon bölməsinin müdiri Mustafa Əliyev, 2025-2026-cı ilin məhsulu üçün rayon ərazisində 335 nəfər fermerlə 1300 hektar sahədə pambıq əkini ilə bağlı müqavilə bağlandığını, bəyan olunmuş 1300 hektar torpaq sahəsində şirkət tərəfindən naturada torpaq sahələrinin xəritələrinin çəkilərək başa çatdırılmasını, vegetasiya suyunun verilməsində çətinliklərin olmamasını, fermerlə bağlanmış müqavilə şərtlərinə əsasən müvafiq tədbirlərin görülməsini diqqətə çatdıraraq, ətraflı məlumat verdi.
Seminar-müşavirədə pambıq əkini bəyan olunmuş torpaq sahələrinin xəritələşdirilməsinin təmin edilməsi ilə bağlı pambıqçı fermerlərə, xam pambıq tədarük edən pambıq şirkətlərinin yerli nümayəndələrinə müvafiq tövsiyələr verildi, xəritəçəkmə prosesi ilə bağlı sual doğuran fikirlərə aydınlıq gətirildi. Sudan İstifadəedənlər Birliklərinin sədrlərinə, pambığın vegetasiya dövründə fermerlərə suyun vaxtında və növbəlik əsasında verilməsi, su müqaviləsinin şərtlərinə əməl olunması ilə əlaqədar müvafiq tövsiyələr verildi, eyni zamanda fermerləri düşündürən, narahat edən məsələlər dinlənildi, qarşılıqlı fikir mübadiləsi aparıldı, səsləndirilən təkliflər nəzərə alındı və bu istiqamətdə tədbirlərin görüləcəyi diqqətə çatdırıldı.







