"Böyük qayıdış strategiyası: Qarabağ dirçəlir" mövzusunda dəyirmi masa keçirildi
Neftçala Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala rayon Su-Meliorasiya Sistemləri İstismarı İdarəsinin birgə təşkilatçılığı, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının, sağlamlıq imkanları məhdud əlil hərbi qulluqçuların, idarə, təşkilat rəhbərlərinin, əməkdaşlarının iştirakı ilə "Konstitusiya və suverenlik ili" çərçivəsində 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə “Böyük qayıdış strategiyası: Qarabağ dirçəlir " mövzusunda dəyirmi masa keçirildi.
Tədbir açıq elan edilməzdən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Burcalı Ağayev, tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verdi.
Görüşdə 8 Noyabr-"Zəfər günü" nün 5-ci ildönümü münasibətilə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elsevər Əsədov çıxış edərək rayon ərazisində aqrar sahənin dinamik inkişafından, pambıqçılıqda və taxılçılıqda məhsuldarlığın artım tempindən, bitki mühafizə, aqrokimyəvi analizlər, heyvandarlıq sahəsində görülmüş işlərdən geniş şəkildə söhbət açdı, aqrar inkişaf könüllülərinin fəaliyyəti barədə ətraflı məlumat verdi.
Neftçala rayon Su-Meliorasiya Sistemləri İstismarı İdarəsinin müdiri Təbriz Eyyubov rayonun meliorasiya sistemində, su təminatının yaxşılaşdırılmasında, tullantı suların idarə olunmasında son beş il ərzində görülən işlərdən söz açaraq geniş məlumat verdi.







