“Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi tədbirinə start verilib
01 Noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyilə Neftçala Olimpiya İdman Kompleksində növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi tədbiri start götürüb. Tədbir 01-03 noyabr 2024-cü il tarixlərində "Zəfər Günü" ərəfəsində həyata keçiriləcəkdir. Düşərgədə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının 70 nəfər tələbəsi cəlb olunmuşdur.
Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun, Neftçala Olimpiya İdman Kompleksinin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, vətənpərvər gənc nəslin yetişdirilməsi ilə bağlı təşkil olunan tədbirlərdən, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərimizdə xidmətləri olan gənclərimizin qəhrəmanlıqlarından geniş bəhs etdilər, tədbir iştirakçıları gənc nəslə göstərilən diqqət və qayğıya, onların hərtərəfli inkişafının təmin olunması istiqamətində yaratdıqları şəraitə görə ölkə başçısı Cənab İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.
Gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək, şanlı Zəfər tarixini təbliğ etmək məqsədi ilə keçirilən düşərgədə Qarabağ qazilərinin iştirakı ilə hərbi təlimlərin, müxtəlif idman oyunlarının, intellektual yarışların keçirilməsi, yaradıcı gənclərin ifasında musiqilərin səsləndirilməsi nəzərdə tutulub.