Neftçala Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü 2-ci Qaralı kənd sakinlərilə keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun 2-ci Qaralı kənd sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Ana dilimiz xalqımızın milli sərvətidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, ana dilimiz xalqımızın milli sərvəti, milli kimliyimizin və mənəvi varlığımızın əsas dayağıdır. Azərbaycan dilinin qorunması, inkişafı və dövlət dili kimi möhkəmləndirilməsi xalqımızın tarixi nailiyyəti olmaqla yanaşı, müasir dövlət quruculuğunun da mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyev ana dilinə daim böyük hörmət və xüsusi qayğı ilə yanaşıb, Azərbaycan dilinin dövlət dili statusunun Konstitusiyada təsbit olunmasını təmin edib. Onun rəhbərliyi dövründə ana dilimizin elmi, hüquqi və ictimai-siyasi müstəvidə inkişafı üçün mühüm addımlar atılıb, dil siyasəti sistemli və məqsədyönlü şəkildə həyata keçirilib. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayıb ki, “Ana dili hər bir xalqın varlığını yaşadan ən mühüm amildir”.
Bu gün Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi ana dilimizin təbliği siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, qloballaşma şəraitində zənginləşdirilməsi, müasir tələblərə uyğun inkişafı istiqamətində mühüm dövlət proqramları və normativ-hüquqi sənədlər qəbul edilib. Dövlət başçısı ana dilimizin beynəlxalq aləmdə tanıdılması və nüfuzunun artırılmasına xüsusi önəm verir.
RİH-in başçısı bildirib ki, Ana dilinə göstərilən bu yüksək dövlət qayğısı xalqımızın milli-mənəvi dəyərlərinə sadiqliyinin təzahürüdür. Azərbaycan dilinin qorunması və inkişafı hər bir vətəndaşın müqəddəs borcu olmaqla yanaşı, müstəqil dövlətimizin möhkəmlənməsinə xidmət edir.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolların təmiri, Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun təmiri, piyada yol nişanlarının quraşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilmişdir. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilmiş, ətraflı müzakirə olunmuş və onların həlli məqsədilə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.







