“Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilib
10 iyul 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftçala Rayon Mərkəzi Kitabxana Sisteminin dəstəyi ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Neftçala rayon Mərkəzi Kitabxanasında "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" və “Azərbaycan qanunvericiliyində qadın hüquqları” mövzularında dəyirmi masa təşkil olunub.
Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlar, şəhid ailələri və rayonun bir qrup fəal qadınları iştirak edib.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edənlər- Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gövhər Məmmədova, Hüquq şöbəsinin məsləhətçisi Sədaqət Məmmədova, Neftçala Rayon Polis Şöbəsinin Təşkilati-İnspeksiya Qrupunun baş inspektoru, polis mayoru Tükəzban Cəbrayılova, Neftçala RMX PHŞ-in Səhiyyə xidmətləri şöbəsinin müdiri Gülnaz Abadova, Qeydiyyat Şöbəsinin əməkdaşı Ləman İsmayılova, Vətən Müharibəsi şəhidi Ayaz İmanzadənin bacısı Rəna İmanzadə, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Ayşən Ağayeva təşkil olunan tədbirin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın müstəqillik tarixində Ümummilli lider Heydər Əliyevin rolunu, hüquqi dövlət quruculuğundakı misilsiz xidmətlərini və 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın ölkəmizin demokratik inkişaf yolunda təməl sənəd olduğunu vurğulayıblar. Bildirilib ki, Konstitusiya insan hüquq və azadlıqlarının, o cümlədən qadın və uşaq hüquqlarının qorunması üçün hüquqi baza rolunu oynayır.Tədbirdə xüsusi olaraq Azərbaycan qadınının hüquqları, cəmiyyətdəki rolu və konstitusion təminatları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan qadını tarixən milli-mənəvi dəyərlərimizin, ailə institutunun qoruyucusu olmaqla yanaşı, ictimai-siyasi, iqtisadi və mədəni həyatın fəal iştirakçısı olmuşdur. Qadınlara seçmək və seçilmək hüququnun müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda – 1918-ci ildə verilməsi, bu sahədəki qabaqcıl ənənənin göstəricisidir. Bu gün qadınların ölkə parlamentində, yerli idarəetmə orqanlarında, dövlət və özəl sektorda rəhbər vəzifələrdə layiqincə təmsil olunması, mühüm qərarların qəbulunda iştirakı həm ölkəmizdə gender bərabərliyinin təmin olunmasının göstəricisi, həm də Konstitusiyanın tətbiqinə söykənən hüquqi islahatların nəticəsi kimi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hüquqi və sosial islahatlar, qadınların hüquqlarının daha dolğun təmin edilməsinə xidmət edir və ölkəmizin demokratik inkişafını şərtləndirir. Müasir Azərbaycan qadın hərəkatının lideri kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə ailə dəyərlərinin qorunması ilə yanaşı, qadın hüquqlarının müdafiəsi istiqamətində, gender bərabərlyinin qorunub saxlanılması, qadınların ictimai-siyasi həyatda rolunun gücləndirilməsi, onlar üçün geniş imkanların yaradılması sahələrində də rolu danılmazdır.
Sonda tədbir iştirakçıları tərəfindən mövzu ilə əlaqədar videoçarx izlənilib və “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu qəbildən olan maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini qeyd edilib.







